Tövlədə dəhşət! Canavar zənn edib tüfənglə həyat yoldaşını öldürdü

Türkiyənin Elazığ və Aydın şəhərlərində baş verən iki oxşar hadisə faciə ilə nəticələnib.

Sherg.az xəbər verir ki, Elazığın Meşeli kəndində 61 yaşlı M.K. qoyun-keçi saxlanılan tövləyə canavarların girdiyini düşünərək gecə tüfənglə atəş açıb. Daha sonra tövləyə gedən kişi həyat yoldaşı, 51 yaşlı Hasret Kuşu vurduğunu görüb.

Hadisə yerinə gələn tibbi briqada qadının öldüyünü müəyyən edib. Onun meyiti yarılma üçün xəstəxananın morquna aparılıb. M.K. jandarma tərəfindən saxlanılıb.

Bənzər faciə Aydın vilayətinin Bozdoğan rayonunda da baş verib.

37 yaşlı C.D. qabanlara qarşı növbə çəkdiyi vaxt bağa qayıdan 70 yaşlı atası K.D.-ni qaban zənn edərək tüfənglə atəş açıb.

Ağır yaralanan yaşlı kişi xəstəxanaya çatdırılsa da, həkimlərin bütün müdaxilələrinə baxmayaraq həyatını itirib.

Atasına atəş açan C.D. saxlanılıb və məhkəmə qərarı ilə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib. Hər iki hadisə ilə bağlı araşdırma aparılır.