Xocavənddə buldozer minaya düşüb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB

Xocavənddə mina partlayışı nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

Teleqraf-ın Qarabağ bürosunun TƏBİB-ə sorğusuna cavab olaraq bildirilib ki, Xocavənd rayonu ərazisində baş verən partlayış səbəbilə xəsarət alan 2 nəfər (kişi) 12.08.2026-cı il tarixində saat 18:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlardan 1989-cu il təvəllüdlü şəxsə üzün və gözün müxtəlif nahiyələrinin açıq yarası, 2003-cü il təvəllüdlü şəxsə isə qarın nahiyəsinin sıyrılmış yaraları diaqnozu təyin olunub.

Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

***

18:56

İşğaldan azad edilmiş Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində avqustun 12-də mina partlayışı hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb.

Bildirilib ki, Qazax rayon sakini, 1961-ci il təvəllüdlü Elçin Telman oğlu Abbasovun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi buldozer minaya düşüb. Hadisə zamanı Tovuz rayon sakinləri - 1989-cu il təvəllüdlü Sənan Söhrab oğlu Fərəcov və 2003-cü il təvəllüdlü Fuad İlqar oğlu Əhmədov xəsarət alıblar.

Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.

“ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır”, - deyə məlumatda vurğulanıb.