Azərbaycanda səfərdə olan Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün bu gün Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.
O, Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.
Daha sonra görkəmli oftalmoloq alim akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Səfər çərçivəsində Haluk Görgünün Azərbaycanın müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Vüqar Mustafayev və müdafiə nazirinin müavini Aqil Qurbanov ilə görüşməsi nəzərdə tutulub.
Səfər aprelin 2-də başa çatacaq.
Haluk Görgünün Bakıya səfərini “Sherg.az”a dəyərləndirən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, o cümlədən hərbi və hərbi-texniki yöndə əməkdaşlıq dinamik sürətdə inkişaf edir:
“Türkiyənin Müdafiə Sanayesi Komitəsinin sədri Haluk Görgünün Azərbaycana səfər etməsi və müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Vüqar Mustafayev, müdafiə nazirinin müavini Aqil Qurbanov ilə görüşləri böyük ehtimalla əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Həmçinin görüş Azərbaycan və Türkiyə arasında birgə istehsal müəssələrinin fəaliyyəti istiqamətində mühum addımların atılmasına istiqamətlənib. Hər iki ölkənin müvafiq strukturları arasında qarşılıqlı əlaqənin inkişaf etməsi qardaş ölkərəmizin təhlükəsizliyi ilə bərabər, həm də regionda yaranan reallıqların rəqiblər tərəfindən qəbul olunması prizmasından da mühüm əhəmiyyət kəsb edir”.