İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yer “Akınçı” sayəsində tapılıb.
“Anadolu” agentliyi xəbər verir ki, axtarış-xilasetmə işlərinə dəstək məqsədilə Türkiyədən İrana göndərilən “Bayraktar AKINCI” TİHA-Pilotsuz Döyüş Aparatı helikopterin qəza enişi etdiyi ehtimal olunan bölgə üzərində uçuşlar edərək qəzanın baş verdiyi yeri müəyyən edib.
Xatırladaq ki, qəzaya düşən helikopterin göyərtəsində sağ qalan olmayıb. İranın 4 rəsmisi və 5 ekipaj üzvü həlak olub.
Mövzu ilə bağlı “Sherg.az”a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycan Hərbi Hava (HHQ) Qüvvələrinin pilotsuz aviasiya parkında mövcud olan və Türkiyənin milli imkanları ilə istehsal edilən “Akınçı” pilotsuz uçuş aparatları (PUA) İranda baş verən aviasiya qəzasında özünün müsbət keyfiyyətlərini bir daha göstərdi:
“Türkiyənin PUA-ları regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasında əhəmiyyətli dərəcədə rol oynayır. Bu vasitələrin günün istənilən vaxtında, mürəkkəb coğrafi iqlim şəraitində və istənilən relyefdə axtarış-xilasetmə imkanlarının kifayət qədər yüksək olduğunu bütün dünya gördü. Türkiyənin pilotsuz vasitələri döyüş meydanında göstərdiyi yüksək naliyyətləri növbəti dəfə axtarış və xilasetmə əməliyyatlarında ortaya qoydu. Təəssüf ki, Türkiyənin “Akınçı” PUA-larının göstərdiyi performansa görə hələ də İran tərəfindən təşəkkür açıqlamalarını eşitmirik. Hər bir halda Azərbaycan və Türkiyənin qəzanın baş verdiyi an İrana kömək üçün öz təkliflərini göndərməsi Bakı və Ankaranın qonşularına, insan həyatına verdiyi dəyərin yüksək göstəricidir”.