Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır -RƏY

NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən keçirilən "15-ci NATO günləri" tədbiri çərçivəsində Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov ölkəmizdə səfərdə olan Müttəfiqlərin Avropadakı Ali Komandanlığı (SHAPE) Qərargah rəisinin müavini - Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bruasdal Gunnsteinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə hər iki tərəf arasındakı münasibətlərin cari vəziyyəti yüksək qiymətləndirilib və qurulan əlaqələrin bundan sonra da inkişafı üçün perspektivdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) və digər proqramlarında iştirak edən hərbi qulluqçularımızın fəaliyyəti yüksək qiymətləndirilib. Bundan sonra da müxtəlif təlim və kurslarda iştirak edəcək hərbi qulluqçular arasında təcrübə mübadiləsinin və özünü təkmilləşdirmənin vacibliyi xüsusi vurğulanıb. Tərəflər arasında keçirilən görüş əsnasında münasibətlərin inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Hərbi ekspert Ramil Həsənli “Sherg.az”a vurğulayıb ki, Azərbaycan və NATO arasındakı əlaqələri bir neçə mərhələyə bölmək olar:

“Azərbaycan NATO üzvü olmasa da, bu beynəlxalq nüfuzlu hərbi və siyasi təşkilatın fəaliyyətində iştirak edir. Azərbaycanın NATO-nun 1994-cü ilin 4 mayında imzalanan “Sülh Naminə Tərəfdaşlıq” (SNT) və Fərdi Tərəfdaşlıq proqramlarına qoşulub. Bundan əlavə NATO-nun Kosova və Əfqanıstanda sülhyaratma missiyalarında iştirakı danılmazdır. Eyni zamanda NATO qlobal proseslərdə iştirak edən təşkilat kimi bir neçə istiqamətdə fəaliyyət göstərir. NATO-nun Rusiya, İran və Qazaxıstan kimi Azərbaycanla əlaqələri yaxşı olan dövlətlərlə münasibətləri normal deyil. Lakin buna baxmayaraq Azərbaycan NATO ilə bur neçə yöndə əməkdaşlıq aparır. 1997-ci ildən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı birləşməsi müxtəlif istiqamətlərdə Kosova və Əfqanıstanda fəaliyyət göstərib. Azərbaycan hazırda da NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır. Amma NATO-nun Azərbaycan-Ermənistan münaqişəsində rəsmi Bakıya münasibəti birmənalı olmadı. Sözügedən görüş və müzakirə olan mövzuların məqsədi Azərbaycan-NATO arasında soyumaqda olan münasibətlərin istiləşməsinə hesablanıb”.