Firdovsi Umudov: “Xəyallarımızda fikirləşdiklərimiz cənab Prezidentin sayəsində reallaşdı”

“Cənab Prezidentin 16 il ərzində hakimiyyətdə olduğu dönəmdə ölkəmizin idman sahəsindəki inkişafı göz önündədir”. Bu fikirləri Sherg.az-a açıqlamasında Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov deyib.

O bildirib ki, Azərbaycanda keçirilən Avropa və Dünya Çempionatları, İslam Həmrəyliyi oyunları, gənclərin Avropa festivalı, Formula yarışları - bütün bunlar Cənab Prezidentin idman siyasətində böyük rolu olduğunu göstərir:

“Bu tədbirlər başqa federasiyalarda, olimpiya komitələrində qiymətləndirilir, Azərbaycanın idman ölkəsi kimi tanınmasına böyük üstünlük verir. Hər bir uğurun başında Cənab Prezidentin idmana və idmançılara göstərdiyi diqqət və qayğı durur.

Prezident mühüm bir məsələni də düzgün qeyd edib. Bölgələrdə, rayon və kəndlərdə, ucqar yerlərdə uyğun şəraitdə idman zalları hazırlanmalı və yarışlar keçirilməlidir ki, kənd yerlərində olan istedadlı uşaqları ortaya çıxaraq”.

F.Umudov qeyd edib ki, ölkə başçısı 1997-ci ildə Milli Olimpiya Komitəsinə prezident seçiləndən sonra idman sahəsində böyük sıçrayış oldu:

“Xaricdə yaşayan mütəxəssislər və idmançılar Azərbaycana axın elədi. 1990-cı illərin əvvələrində ölkəmizdə idman zalları pis vəziyyətdə idi, məşq proseslərini keçirmək çətin olurdu. Doğurdan da bizim xəyallarımızda fikirləşdiklərimiz cənab Prezidentin sayəsində reallaşdı. 45 olimpiya idman kompleksi tikilib idmançlıların istifadəsinə verilib, böyük zallarımız yaradılıb. Bunlar prezidentimizin idman və idmançılarımıza göstərdiyi diqqətdir. Böyük yarışların keçirilməsinin ölkəmizə həvalə olunmasından başqa idmançılarımız qazandığı uğurlar da göz qabağındadır. Avropa oyunlarında komandamız 2-ci yerə, İslam Həmrəyliyi oyunlarında 1-ci yerə çıxdı. Gənclərin Avropa festivalında qazandıqları uğurlar beynəlxalq yarışlarda qeyd olunur, ölkəmizdə keçirilən oyunların necə yüksək səviyyədə və təhlükəsizliyi bildirilir. Avropa oyunları ölkəmizə həvalə olunanda bəzi dövlətlər yarışların necə keçiriləcəyini gözləyirdilər. Təbii ki, bütün yarışlar yüksək səviyyədə keçirildi. Çox sevinirik ki, Azərbaycan beynəlxalq yarışlara ev sahibliyi edir”.

Qeyd edək ki, Prezident İlham Əliyev 2019 cu ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxış edib. Ölkə başçısı idmanın kütləviliyinin təbliği  sahəsində maarifləndirmə işlərinin səviyyəsinin yüksəldilməsinin zəruriliyini bildirib və  KİV-lərin fəaliyyətini gücləndirməsinə ehtiyac olduğunu vurğulayıb.