“Şükürlər olsun ki, Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazandım. Həqiqətən də bu yarışda finala çıxmaq mənim üçün çox önəmli idi və bunu bacardım. Federasiyamız başda olmaqla, bütün əziyyəti olan məşqçilərimə təşəkkür edirəm”.
Oxu.Az xəbər verir ki, bunu sərbəst güləşçi Hacı Əliyev “Instagram” hesabında Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat turnirindəki çıxışı barədə yazıb.
Olimpiya mükafatçısı, üçqat dünya və üçqat Avropa çempionu yarışa tam hazır vəziyyətdə qatılmadığını bildirib:
“Bu yarışa tam hazır deyildim. Çünki yarışdan iki ay öncə gözümlə bağlı ağır əməliyyat keçirmişdim və turnirə qatılmağım da sual altında idi. Amma buna baxmayaraq, həkimlərin də məsləhəti ilə bu yarışa gəldim və mənə lazım olan işi gördüm. Qalibiyyət də, məğlubiyyət də Allahdandır. Bizlər sadəcə mübarizə aparırıq. Bizə bu günləri yaşadan Allaha həmd olsun”.
Hacı Əliyev finalda Ermənistan təmsilçisi Vazqen Tevanyana 0:9 hesabı ilə uduzmasından da danışıb:
“Mənə hər zaman dəstək olduğunuz üçün sizlərə təşəkkür edirəm və bilirəm ki, bu məğlubiyyətim hər kəs üçün pis oldu. Amma inanın ki, ən pis olan, ən çox əziyyət çəkən yenə də özüməm”.
Qeyd edək ki, Hacı Əliyev Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı 65 kq çəki dərəcəsində qazanıb.