“Yuventus” öz meydanında autsayderə məğlub olub

Futbol üzrə İtaliya A Seriyasının 28-ci turunun növbəti oyunu keçirilib.

 Son çempion “Yuventus” öz meydanında autsayder “Benevento” komandasını qəbul edib. Görüş gözlənilmədən qonaqların minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolun müəllifi 69-cu dəqiqə Adolfo Qaiçi olub. Bu qələbə sayəsində xal ehtiyatını 29-a çatdıran “Benevento” turnir cədvəlində 16-cı yerə yüksəlib. “Yuventus” isə 55 xalla üçüncü yerdə qərarlaşıb.

Turin klubunun mətbuat xidməti “Tvitter”dəki hesabında bildirib ki, “Yuventus” klubunun prezidenti Andrea Anyelli görüşün başlamasından əvvəl komandanın hücumçusu Kriştianu Ronaldunu yeni nailiyyəti – əfsanəvi futbolçu Pelenin karyerası ərzində qollarının sayı üzrə mütləq rekordunu üstələməsi münasibətilə təbrik edib. (azərtac)

Anyelli Ronalduya 770 nömrəli (futbolçunun karyerası ərzində vurduğu qolların sayı - red) və G.O.A.T (“Greatest Of All Time” - bütün vaxtlarda ən böyük – red) yazısının olduğu futbolkanı hədiyyə edib.