ABŞ-ın QIRICI TƏYYARƏLƏRİ ESTONİYAYA GƏLƏCƏK


ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus F-15 E Strike Eagle qırıcıları “Agile Liberty” təlimləri çərçivəsində Estoniyaya gələcək.

Sherg.az Azərtac-a istinadən xəbər verir ki, Estoniya hava məkanında həyata keçiriləcək təlim uçuşları pilotların aviatuşlayıcılarla qarşılıqlı əlaqəsi üzrə məşq etmək, ön cinaha hava zərbələri endirmək və hava hədəflərini yaxalama məqsədi daşıyır.

Bildirilib ki, təlimlərin keçirilmə zonası Estoniyanın “Emari” aviabazasının, Saaremaa və Hiyumaa adalarının ətraf yerlərini əhatə edir. Estoniya Hərbi-Hava Qüvvələrinin məlumatına əsasən, qırıcı təyyarələr ən azı 1500 metr yüksəklikdə uçacaqlar.

Qeyd edilir ki, ABŞ Hərbi-Hava Qüvvələrinin 48-ci qırıcı aviaqanadı Böyük Britaniyada Lakenhit aviabazasında dislokasiya edilib. ABŞ döyüş hazırlığını yoxlamaq məqsədilə davamlı olaraq bu kimi təlimlər keçirir. Taktik məşğələlər NATO müttəfiqləri arasında qarşılıqlı əlaqəni yaxşılaşdırmaq məqsədi daşıyır.