“Gənclər və İdman Nazirliyinin yanında İctimai Şuraya keçirilən seçkilər tam şəffaflıqla keçirildi”.
Bunu “Sherg.az”a açıqlamasında Respublikanın Əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim Elnur Alıyev deyib.
Nazirlik yanında İctimai Şuraya üzv seçilən tanınmış idmançı bildirib ki, seçkinin şəffaf olması Şuraya seçilən üzvlərin kimliyindən bəllidir:
“Mənə dəyər verib seçkilərdə namizədliyimi irəli sürən və dəstək verən hər şəxsə, təşkilata öz təşəkkürümü bildirirəm. Peşəkar idmançı, əməkdar məşqçi və beynəlxalq dərəcəli hakim kimi Nazirliyin İctimai Şurasında təmsil olunmaq düşünürəm ki, haqqım idi.
Gənclərlə işlədiyim üçün İctimai Şurada əsas məsələlərin gənclərin inkişafına yönəlməsinə çalışacam.
Sağlam bədəndə sağlam ruh olar prinsipi ilə çıxış edəcəm. İlk fəaliyyətim əsrin bəlasına çevrilmiş narkomaniyaya qarşı regionlarda mübarizə aksiyasına başlamaq olacaq.
Çünki biz idmançılar Azərbaycan Ordusu üçün sağlam ruhlu gənclər yetişdirməliyik. Gənc idmançıların cəmiyyətə tanıdılması, gənclərimizlə psixoloji seanslar keçirilməsi istiqamətində çalışacam.
Müxtəlif səbəblərdən idmandan gedənləri yenidən idmana cəlb etmək üçün yollar axtaracam. Əsasən, bu ideyaların İctimai Şurada öz həllini tapmasına çalışacam. Mənə etimad göstərən seçicilərin inamını doğrultmağa daima çalışacam. Tam əminliklə deyə bilərəm ki, İctimai Şuranın fəaliyyəti öz müsbət nəticələrini göstərəcək”.