Dünya çempionatı: Azərbaycanın qadın güləşçiləri medalsız qalıb

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal görüşünə çıxıb.
"Report"un məlumatına görə, 57 kq çəki dərəcəsində yer alan idmançı ukraynalı Alina Akobiya ilə qarşılaşıb. Rəqibinə 0:10 hesabı ilə uduzan Əliyeva 5-ci yeri tutub.

Bununla da qadın güləşi üzrə Azərbaycan yığması mundialdakı çıxışını medalsız başa vurub.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.