Trek velosipedi üzrə mövsümün açılış yarışı olub

Velosiped idmanının trek növü üzrə mövsümün açılış yarışı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən, təşkil edilən çoxgünlük qrup ötüşmələrində elit - U-23 yaş kateqoriyasında kişilər, gənc və yeniyetmə oğlanlar, həmçinin qadınlar iştirak ediblər.

Sherg.az Azərbaycan Velosiped Federasiyasına istinadla xəbər verir ki, 50 velosipedçi müvafiq kateqoriyalar üzrə 3 gün ərzində skreç, tempo, xallar üzrə qrup ötüşməsi və çıxmaqla qrup ötüşməsi növlərində mübarizə aparıblar. Qaliblər bütün mərhələlərin ümumi nəticəsinə əsasən müəyyənləşdiriliblər.

Elit – U-23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Musa Mikayılzadə bütün rəqiblərindən üstün olaraq birinci yerə layiq görülüb. Nəcəf Bağırov ikinci, Samir Cəbrayılov isə üçüncü yerdə qərarlaşıblar.

Yeniyetmə oğlanların yarışında Ravi Rzayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun ən yaxın izləyicisi Artyom Proskuryakov gümüş, Turqut Qurbanlı isə bürünc medala sahib olublar.

Qadınların mübarizəsində ən yüksək nəticəyə Viktoriya Sidorenko imza atıb. Radha Şabanova ikinci, Məryəm Əfqanzadə isə üçüncü yerlə kifayətləniblər.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.