Atletlərimiz 24 medalla MDB-də birincidir
Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən Dünya Xüsusi Yay Olimpiya Oyunlarında Azərbaycan Xüsusi Olimpiya komandası 6 qızıl, 5 gümüş və 13 bürünc medal qazanıb. Dünyanın 200 ölkəsinin qatıldığı yarışlarda toplamda 24 medal qazanan atletlərimiz MDB məkanında ən yüksək nəticə göstəriblər. Xatırladaq ki, 4 il öncə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən olimpiya oyunlarında da komandamız 6 qızıl, 10 gümüş, 9 bürünc medal qazanmışdı. Bu stabil nəticəni Əbu-Dabidə 65 idmançı, Berlində isə 49 idmançı 10 idman növündə əldə edib.
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti, millət vəkili Fazil Mustafa bildirib ki, atletlərimizin böyük əksəriyyəti təhsil sistemimizin tam orta, inklüziv, xüsusi yardımçı məktəb və internatların şagirdlərindən ibarətdir. Parlament üzvünün sözlərinə görə, komandanın uğurunda ən böyük pay sahibi olan Azərbaycan Xüsusi Olimpiya Komitəsinin sədri Şahin Əliyev, komitənin məsul şəxsləri və fədakar müəllim-məşqçilərimizdir: "Bu yarışlarda Azərbaycanımızın adını yüksəltmiş, sağlamlığı məhdud olsa da qəlbi və iradəsi məhdud olmayan atletlərimizə və onları qələbə üçün təşkilatlandıran və ruhlandıran nümayəndə heyətimizə təşəkkür edirəm. İnanılmaz çətin şərtlərdə və subyektiv maneələrlə qarşılaşmamıza baxmayaraq, komandamız böyük iradə nümayiş etdirib. Səhhətimdə yaranmış problemlərlə bağlı builki Yay Xüsusi Olimpiya oyunlarında iştirakımı təxirə salmağa məcbur oldum. Lakin idmançılarımızın bütün yarışlarını həyəcanla izləyirdim və nəticələrə sevinirdim. Bu yarışlarda komandamızın uğurlarını işıqlandıran media quruluşlarına da təşəkkürümü bildirirəm. Əqli sağlamlığı məhdud bu insanlara daha da diqqətimizi artırmaq, onların sosiallaşması imkanlarını genişləndirmək üçün idman ən vacib vasitələrdən biridir. Xüsusi Olimpiya hərəkatının da məqsədi budur".