Futbol şərhçiləri təmsilçimizin şanslarını dəyərləndirdi
Təmsilçimiz "Qarabağ" komandası tarixində onuncu dəfə Avrokuboklarda qruplara vəsiqə əldə edərək daha bir tarixi uğura imza atmağı bacarıb. Bu il Avropa Liqasında mübarizə aparacaq komandamızın qruplardakı rəqibləri də artıq məlumdur.
"Qarabağ" H qrupunda Almaniyanın "Bayer 04", Norveçin "Molde" və İsveçin "Hakken" komandaları ilə üz-üzə gələcək.
Daha əvvəllər dəfələrlə Avrokuboklarda mübarizə aparan təmsilçimiz təəssüflər olsun ki, indiyə qədər azarkeşlərinə qrupdan çıxma sevinci yaşada bilməyib. Ağdam təmsilçisi dəfələrlə buna yaxın olsa da, hər dəfəsində bu istəyi sonda uğursuzluqla nəticələnib. Yenidən Avropa Liqasının qruplarına vəsiqə əldə etməklə ölkəmizdəki futbol azarkeşlərinə sevinc bəxş edən komandanın builki çıxışı da olduqca maraq doğurur.
"Qarabağ"ın qrupdakı builki rəqibləri ölkə mediasında və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
“Sherg.az” bir neçə futbol jurnalistinin və şərhçinin fikirlərini öyrənib.
"Hazırkı qrup ötənilki ilə müqayisədə o qədər də vahiməli deyil".
Bunu futbol eksperti, menecer Səbuhi Səfiyarlı "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini dəyərləndirərkən deyib.
O, 2022/2023 mövsümündə ölkə çempionunun "Nant", "Olimpiakos" və "Frayburq"la mübarizə apardığını və Konfrans Liqasında pley-offa yüksəldiyini xatırladıb: "Düşünürəm ki, bu dəfə də komandamızı ən azı yazda avrokuboklarda görə biləcəyik".
Səfiyarlı Azərbaycan təmsilçisinin görüşlərinin çətin olacağını vurğulayıb: "Komanda püşkatmada ikinci səbətdə yer aldığı üçün hamı III və IV səbətdən münasib rəqiblərin gələcəyini ehtimal edirdi. Çünki birinci səbətdən güclü klubun düşəcəyi gözlənilən idi. Amma bəlkə də III və IV səbətin ən güclüləri gəlib. Bu səbəbdən komandanın püşkatmada bəxtinin gətirmədiyini demək olar. Çünki daha uyğun rəqiblər var idi. "Molde"ni "Qalatasaray"la matçlardan xatırlayırıq, yaxşı mübarizə aparmışdılar. Türkiyə çempionu ilə dueldə futbol oynaya biləcəklərini göstərdilər".
Menecer Almaniyanın "Bayer 04" klubu haqqında nəsə deməyə ehtiyacın olmadığını söyləyib: "Rahat rəqib deyil, lakin "Qarabağ" ötən mövsüm "Frayburq"a qarşı heç də pis oyun sərgiləmədi".
Futbol-eksperti İsveç çempionu "Hakken"in cari mövsümdə avrokuboklarda yalnız Çempionlar Liqasında penaltilər seriyasında uduzduğunu xatırladıb:
"Demək olar ki, daha sonra bütün rəqiblərinə qalib gəliblər. Asan komanda deyil. "Qarabağ" şimal ölkələrinin kollektivlərinə qarşı çətinlik çəkir. Çünki atletik futbol sərgiləyirlər. Bir sözlə, təmsilçimizi qrupda çətin mübarizə gözləyir".
“CBC Sport”un şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərli mövzu ilə bağlı "Sherg.az"a açıqlama verərkən bildirib ki, builki rəqiblərin hər üçü olduqca çətin rəqiblərdir. Hazırda "Qarabağ"ın mübarizə aparacağı qrup keçənilki qrupdan heç də geri qalmır:
"Bayern" haqqında nəsə deməyə ehtiyac yoxdur. Digər bir Almaniya kollektivi "Frayburq"a qarşı keçən il nə qədər əziyyət çəkdiyimiz hamıya məlumdur. "Bayern" keyfiyyət olaraq nəinki "Frayburq"dan geri qalır, hətta məncə, onları üstələyir. "Molde" "Qarabağ"a tanış olan bir rəqibdir. Hətta mənim daha əvvəl "Qarabağ"la "Molde" oyununu şərh etmək fürsətim də olmuşdu və oyun qolsuz heç-heçə yekunlaşmışdı. "Molde" özünə məxsus oyun tərzinə sahib komandadır.
Bunun "Molde"nin "Qalatasaray"a qarşı keçirdiyi hər iki oyunda şahidi olduq. "Hekken" isə zəif görünə bilər, amma nə olur-olsun onlar İsveç çempionudurlar".
"Bayer 04" istisna digər komandalar aşağı-yuxarı güc baxımından bir-birilərinə yaxın rəqiblərdir. Keçən il "Qarabağ" qrupdan çıxmağa çox yaxın oldu. Təmsilçimizin qrupdan çıxması üçün xal çatmadı. Ola bilər ki, bu ildə qrupun taleyini 1 xal, 1 qol müəyyənləşdirsin", - deyə R.Səftərli qeyd edib.
Futbol şərhçisi Ramiz Mirzəzadə "Qarabağ"ın builki rəqiblərini "Sherg.az"a dəyərləndirərkən bildirib ki, Azərbaycan klubları üçün asan qrup anlayışını işlətmək futbolumuzun hazırkı səviyyəsinə baxdıqda çətin məsələdir. Baxmayaraq ki, Qurban Qurbanovun başçılıq etdiyi komanda illərdir Avropa meydanında ölkəmizi layiqincə təmsil edir:
"Qrupun favoriti həm böyük beşlik ölkəsi komandası olduğu üçün, həm də son dövrlər Bundesliqada uğurlu nəticələri ilə diqqət çəkən "Bayer" Leverkuzen klubudur. Klub, xüsusilə Xabi Alonso baş məşqçilik postuna gəldikdən sonra komanda şəklində çox gözəl oyun nümayiş etdirir. Böyük bir möcüzə baş verməsə, onlar qrup lideri olacaqlar. "Molde"nin builki Avrokubok yoluna baxsaq, onların dişli rəqib olduqlarının şahidi olarıq. "Hakken"in şansları isə digər rəqiblərinə nəzərən daha az dəyərləndirilir. Düşünürəm ki, qrupda ikinci yer uğrunda mübarizə "Qarabağ" və "Molde" klubları arasında olacaq".
Ramiz Mirzəzadə həmçinin qeyd edib ki, "Qarabağ" 2-ci səbətdə göstərildiyi üçün və on ildir Avrokuboklarda ardıcıl olaraq mübarizə apardığı üçün xarici mediadakı futbol mütəxəssisləri tərəfindən "Qarabağ"ın 2-ci olmaq ehtimalı daha yüksək dəyərləndirilir:
"Avropanın şimalında yerləşən kollektivlərə qarşı səfər oyunları hava şəraiti baxımından da təmsilçimiz üçün müəyyən çətinliklər yarada bilər. Bütün bunlara baxmayaraq "Qarabağ"ın qrupda əsasən ikinci yer uğrunda mübarizə aparacağını və ən pis halda üçüncü yer olaraq Konfrans Liqasının play-off mərhələsində mübarizəni davam etdirmək üçün vəsiqə əldə edəcəyini düşünürəm".
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən digər futbol şərhçisi Tural Dadaşov bildirib ki, "Qarabağ" klubu daha əvvəllər bir neçə dəfə qrupdan çıxmağa yaxın olub amma öz səhvləri üzündən son anda qapıdan qayıdıb. Keçən il də buna çox yaxın idik. Təəssüflər olsun ki, alınmadı:
"Builki qrupu mən qənaətbəxş hesab edirəm. Avropa Liqasının 32 komandasına ümumi olaraq diqqət yetirəndə görürük ki, burada bizim üçün zəif rəqib yoxdur. Doğrudur, Alman təmsilçisi qrupun favoritidir, amma "Qarabağ" Avropada onlardan qat-qat daha güclü rəqiblərə qarşı layiqincə mübarizə aparıb və xal da alıb. "Qarabağ" "Bayer"lə də oyunda xal və xallar götürə bilər. "Molde" əvəzinə "Şerif" olsaydı, bizim üçün daha uğurlu püşk olardı. "Molde" "Qalatasaray"la oyunlarda çox yaxşı təsir bağışladı. Onlar az qalsın Çempionlar Liqasının qruplarına düşürdülər. İkinci yer uğrunda mübarizə mənə elə gəlir "Qarabağ"la "Molde" arasında gedəcək. İsveç klublarına qarşı "Qarabağ" olduqca yaxşı təsir bağışlayır və fikrimcə, onları üstələməyi bacaracaq.
Tanınmış idman jurnalisti Sənan Şəfizadə bildirib ki, "Qarabağ" 10-cu dəfədir artıq Avropada qruplarda mübarizə aparacaq. Bu ölkəmiz adına olduqca böyük bir uğurdur. "Qarabağ"da oturuşmuş bir sistem mövcuddur. Qurban Qurbanov işinin öhdəsindən əla gəlir. Baxmayaraq ki, bu il klubu bir neçə aparıcı oyunçu tərk etdi, yenə də komanda oturuşmuş sistem sayəsində qruplara düşməyi bacardı:
"Ümumiyyətlə, "Qarabağ" Avroliqadakı 32 komanda arasında büdcə baxımından yalnız "Şerif"i üstələyir. Futbolda pul çox şeydir, amma hər şey deyil. Əgər elə olsaydı, o zaman "Qarabağ" qruplara düşməzdi. Bəzi futbol mütəxəsisslərinə görə, "Qarabağ" çox zəif qrupa düşüb. Ancaq mən onlara qatılmıram. Bu komandaların heç birinə yuxarıdan-aşağı baxmamalıyıq. "Bayer" hazırda Almaniya Bundesliqasında ən yaxşı futbol nümayiş etdirən kollektivlərdən biridir. "Bayer"dən alınacaq xallar qrupun taleyini müəyyənləşdirəcək. "Molde" ilə daha əvvəldə "Qarabağ" qarşılaşıb. Oyun heç-heçə yekunlaşmışdı və "Qarabağ" penaltilər seriyasında məğlub olan tərəf olmuşdu. "Molde" hazırda da kifayət qədər fiziki cəhətdən hazırlıqlı komandadır. İki-üç ötürməyə rahat şəkildə hücuma çıxa bilirlər. "Molde" zəif rəqib deyil və onlar da ikinci yer uğrunda mübarizə aparacaqlar. İsveç komandasına gəldikdə isə onlar dördüncü səbətdən çıxıblar. "Hakken"lə oyunda favorit biz sayılsaq da Avrokuboklarda zəif rəqib olmadığını unutmamalıyıq. Fikrimcə, "Qarabağ" dördüncü yerdə olmayacaq, ya ikinci yer, ya da üçüncü yerdə qərarlaşacaqdır. "Qarabağ"ın Avropada böyük təcrübəsi var və rəqibləri ilə sonacan mübarizə aparacaqdır. Mən "Qarabağ"ın üçüncü yeri tutub Konfrans Liqasında yoluna davam etməsini də uğur olaraq sayacam".
Digər futbol şərhçisi Tərlan Şahinoğlu vurğulayıb ki, "Qarabağ"ın yenidən qrup mərhələsinə yüksəlməsi özü böyük bir uğurdur:
"Qrupun açıq-aşkar favoriti "Bayer" Leverkuzendir. Onlar rəqiblərini tam şəkildə üstələyirlər. Mən ona qrup lideri kimi baxıram. "Molde"yə gəldikdə isə açığı, "Qalatasaray"la oyunları görməsəydim deyərdim ki, "Qarabağ" rahat şəkildə bu qrupda ikinci pilləni tutar. "Qalatasaray"a qarşı göstərdikləri baxımlı və əzmkar oyun, xüsusilə Norveçdə keçirilən oyunda doğrudan da yaxşı mənada təəcübləndirdi. Demək olar ki, "Qalatasaray"ı topsuz qoymuşdular. Sadəcə, o oyunda başda Mauro İkardi olmaqla bir neçə futbolçunun şəxsi bacarıqları sayəsində Türkiyə təmsilçisi mərhələni keçə bildi. Lakin "Molde" təmsilçisi heç də zəif kollektiv deyil. "Qarabağ" üçün olduqca ciddi rəqibdir. Xüsusilə, Qurban Qurbanovun komandası səfər oyununa ciddi hazırlaşmalıdır. Bakıda "Bayer" Leverkuzenlə oyun istisna olmaqla, digər iki kollektivi məğlub etmək gücünə sahibik. Düşünürəm ki, "Bayer"lə qarşılaşmalar da təqvimdən də çox şey asılıdır. Ötən mövsüm "Frayburq"la ev oyunumuza qədər Alman komandası qrupdan çıxmağı qarantilədiyi üçün xal almaq mümkün olub. Belə bir hal olarsa, "Bayer"dən də xal almaq olar. "Qarabağ"ın ən pis halda Konfrans Liqasına yüksələcəyini düşünürəm. Amma ikinclik üçün də sona qədər "Molde" və "Qarabağ" arasında gərgin mübarizəni izləyəcəyik. "Hakken"sə kağız üzərində qrupun autsayderi olaraq görsənir. "Qarabağ"ın ümumilikdə bu komandadan ən az 4 xal qazanacağını düşünürəm".