UEFA Avropa Liqasında çıxış edən təmsilçimiz "Qarabağ"ın potensial rəqibləri müəyyənləşib. Məlum olub ki, komandamız güclü rəqiblərlə qarşılaşacaq.
Bəs görəsən, təmsilçimizin növbəti mərhələyə yüksəlmə şansı nə qədərdir?
İctimai Televiziyanın İdman departamentinin rəhbəri Kənan Hakimov “Sherg.az”a söyləyib ki, ilk dəfə fərqli formatda keçiriləcək Avropa Liqasında "Qarabağ"ın 9-24-cü yerlər uğrunda mübarizə apararaq pley-offa yüksəlmək şansı var:
''Düşünürəm ki, bəzi rəqibləri Ağdam təmsilçisi üçün münasibdir. "Tottenhem", "Ayaks", "Lion" isə güclü komandalardır. Amma sevindirici hal odur ki, son iki komandanı Bakıda, Tofıq Bəhramov adına respublika stadionunda qəbul edəcəyik. "Olimpiakos" son Konfrans Liqasının qalibidir. Digərləri ilə isə oynamaq mümkündür. Evdə keçirilən oyunlardan qələbə ilə ayrılmaq çox vacibdir. Səfərdə də uğurlu nəticəyə ümid etmək olar''.
İdman jurnalisti Ağa Dadaşzadə isə söyləyib ki, avrokuboklarda artıq yeni oyun sistemi mövcuddur:
''Bu, ənənəvidən bir qədər uzaqdır. Rəqiblərimiz “Ayaks”, “Tottenhem”, “Lion”, “Malmö”, “Budyo-Qlimt”,“Styaua” və “Elfsborq”dur. Bunların arasında son iki ildə olduqca güclənən “Olimpiakos” da var. Etiraf edək ki, “Qarabağ”ın heyəti ötənilki qədər güclü deyil. Amma Qurban Qurbanov daim öz sözünü deyir. Çox ehtimal, Qurban Qurbanov rəqiblərini müəyyən edərək planları hazırlayıb. Fikrimcə, yeni sistemə uyğunlaşmaq bir qədər çətin olacaq. Bunlara baxmayaraq, “Qarabağ” Rumıniya və Skandinaviya komandalarına qarşı yaxşı mübarizə aparacaq. Keçiriləcək 8 oyundan dördündə xal toplayacağıq. Növbəti mərhələyə keçmək çox çətin olacaq. Amma ümidlər var. Hazırkı durumda növbəti mərhələyə keçməsək də olar. Əsas odur ki, 4 komandaya qalib gələk. Bu oyunlarla reytinqimiz yüksələ bilər".