Fernandu Santuş: Komanda olaraq əlimizdən gələni etməyə çalışdıq

Futbol üzrə Azərbaycan milli komandası növbəti matçını keçirib.

Apasport.az xəbər verir ki, Millətlər Liqasının C1 qrupunda mübarizə aparan yığmamız Slovakiya seçməsi ilə qarşılaşıb - 0:2.

Oyundan sonra komandamızın baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib. Sizi portuqaliyalı mütəxəssisin fikirləri ilə tanış edirik:

"Slovakiyanı təbrik edirəm. Yaxşı oyun göstərdilər. Komanda olaraq həmişəki kimi əlimizdən gələni etməyə çalışdıq. Futbolçular da sona qədər savaşdı. Amma təəssüf ki, çox top itirirdik. Rəqib birinci hissəyə çox yaxşı pressinqlə başladı. Həmin hücumların qarşısını almağa çalışdıq. Slovakiyanı əks-hücumda yaxalamağa səy göstərdik. Oyun daxilində hücuma keçmək istəyəndə onlar bizi bloklayırdı. Bizi daim pressinq altında saxladılar. 2 məsələ var. Hücuma keçəndə müdafiəyə qayıtmaqda çətinlik çəkirik. Rəqib çox paslaşırdı, bu da onlara xeyli hücum etməyə şərait yaradırdı. Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik. Bəzi anlarda bu alınır, amma bu daimi olmalıdır. Rəqib hücuma keçirsə sən güclü müdafiə göstərməsən, onlar rahat qol vuracaqlar. Hücumun qarşısını almaq üçün müdafiədə inamlı olmaq lazımdır. Bacarmasan, ardıcıl qollar buraxacaqsan. Əsas məsələ odur ki, biz mental düşüncəmizi dəyişməliyik. Komanda olaraq başa düşməliyik ki, yaxşı hücum edə bilərik, yaxşı müdafiə oluna bilərik. Bunun üçün çox məşq etmək lazımdır. Əgər komanda olaraq bu mentalitetimizi dəyişsək və intensiv oynasaq, hər şey düzələcək".

- Amini ilk hissədə əvəzlədiz, bunu necə dəyərləndirirsiz? Komandanın əsas kapitanı kimdir, bu vəziyyətə görə dəyişir?
- Seydiyevin sarısı var idi və açığı oynamağa qorxurdu. Rəqibə penalti qazandırmışdı. Sarıdan sonra lap qorxmağa başladı ki, birdən qırmızı alar. Ona görə bayaq dedim, biz mental olaraq dəyişməliyik. Məşqlərdə Amin əladır, amma oyunda stressə düşür. Çünki məşqlərdə sarı kart olmur. İndividual olaraq oyunçuların keyfiyyəti yaxşıdır, amma beyni dəyişmək lazımdır. Həyəcanı üzərimizdən atmalıyıq. İsveçlə oyunda rəqib 20 dəfə cərimə meydançamıza girdi, bu gün də rəqibə çox fürsət verdik. Bugünün ən yaxşısı İsayev və Rahil idi. Mən inanıram ki, addım addım daha yaxşı olacağıq. Deyə bilmərəm 1 ay, 2 ay, 1 il sonra... Amma düzələcəyinə inanıram. Yığma komandalarda daim stress və basqı olur. Çünki ölkəni təmsil edirsən. Oyunçular da buna öytəşməlidir, basqının altından çıxmalıdırlar. İşlədiyim bütün millilərdə belə olub, pressinq altında olmuşuq. Hazırda komandanın kapitanı Elvin Camalovdur. Növbəti oyunda nə olacaq görəcəyik.

- İkinci hissədə Emin Mahmudov istisna, İsveçlə başladığımız heyətə döndük. Elə bu cür başlamaq olmazdımı?
- Taktiki olaraq mən belə seçim etdim. Eyni taktika ilə biz İsveçə də uduzmuşduq... Bu, normaldır. Slovakiya da eynisini etmişdi. Oyunlar arasında 3 gün vaxt var. Yeni oyunçular lazım olur.

- Amini əvəzləməyiniz start heyətlə bağlı səhvinizin etirafı sayılar?
- Niyə?

- Abbasla da başlamaq olardı, ona görə...
- Sizin sualımıza hörmət edirəm. Amma yenə deyirəm, Aminin sarısı var idi deyə dəyişdim. Digər oyunçular da oynamalıdır. Mənim sizə və suallarınıza böyük hörmətim var. Başa düşürəm ki, işinizi görürsüz. Amma mən futbolu individual oyunçularla oynatmıram. Komanda olaraq baxıram bu işə.

- Portuqaliya milisindən sonra Azərbaycanda işləmək çox çətin deyil?
- Bu, normaldır. Çünki Portuqaliyada dünyanın ən yaxşı futbolçuları oynayır. Onlar belə güclü olmaq üçün hər gün çalışırlar. Biz də bu gün inansaq və hərəkətə keçsək, ən yaxşılardan biri ola bilərik. Konsentrasiyamız olsa, qələbələr əldə edə bilərik. Mən komandanı keçmişinə görə mühakimə edə bilmərəm. Amma gəlin hər şeyi birlikdə dəyişək. Gələcəyi dəyişməyin tək yolu var. Mental olaraq, fiziki olaraq çalışmaq lazımdır ki, futbolumuzun gələcəyini dəyişək. İnanıram ki, biz bunu edə bilərik. Buna ən gözəl nümunə "Qarabağ"dır. 15 il qabaq nəticə 0 idi. Amma indi hər il ÇL, AL, KL qruplarında oynayırlar. Bu ki, Azərbaycanda baş verib, kənarda yox. Bilirəm uduzmaq pisdi, siz də istəmirdiz. Amma bu mənim üçün daha böyük faciədir. Gecə yata bilməyəcəm.