Yusif Dursunov Azərbaycan güləş tarixində yeniyetmələr arasında ağır çəkidə ilk Avropa çempionu olaraq adını tarixə yazdırdı
Qazax mahalı həm də pəhləvanlar diyarı kimi tanınır. Bu torpağın yetirməsi olan, 01 yanvar, 2006-cı ildə Qazax mahalının Soyuqbulaq qəsəbəsində Nurəddin Dursunovun ailəsində dünyaya göz açan Yusifin ilk müəllimi elə öz atası olub. Sərbəst güləşin sirlərini əvvəlcə atasından öyrənən Yusif, daha sonra Ağstafa rayon Uşaq-Gənclər İdman Məktəbində məşqçi-müəllim işləyən Yusif müəllimin (Allah rəhmət eləsin) rəhbərliyi altında güləşin sirlərini öyrənib. İlk günlərdən o, ağlı, zəkası və çevikliyi ilə həmyaşıdlarından seçilməyi bacarıb.Gənc pəhləvan dəfələrlə yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən yarışlarda Azərbaycan çempionu titulunu qazanıb. Beynəlxalq turnirlərin qalibi olan idmançımız Dünya və Avropa miqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil edib. 15 yaşında Macarıstanda keçirilən dünya çempionatında bürünc medala sahib olan Yusif, uğurlarının ardını sürətlə davam etdirib. O, 2022-ci ildə Rumıniyada, 2023-cü ildə isə Albaniyada keçirilən yarışlarda yeniyetmələr arasında Avropa çempionu adını qazanıb. Elə həmin il Türkiyədə baş tutan turnirdə isə Dünya Çempionu zirvəsinə ucalıb.Güləş xalçasındakı yüksək ustalığı nəzərə alınaraq, yeniyetmə yaşında olmasına baxmayaraq, İspaniyada təşkil edilən gənclər arasında Avropa çempionatına cəlb olunub və buradan gümüş medalla qayıdıb. Uğurların ardı 2024-cü ildə Serbiyada keçirilən gənclərin Avropa birinciliyində bürünc medalla davam edib. 2025-ci ildə gənclər arasında İtaliyadakı Avropa çempionatında gümüş, Bolqarıstandakı dünya çempionatında isə bürünc medal qazanıb. Eyni ildə Albaniyada keçirilən 23 yaşlıların (U-23) yarışında da bürünc mükafata sahib çıxıb. 2026-cı ilin may ayında Slovakiyada gənclər arasında keçirilən yarışda bürünc medal alan idmançımız, U-23 kateqoriyasında isə gümüş medala yiyələnib.Yusif Dursunov iyul ayında Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanaraq növbəti böyük uğura imza atıb. Azərbaycan Güləş Federasiyasının yaydığı məlumata görə, 125 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz finalda rusiyalı rəqibi Soslan Qabuyevə qalib gələrək Avropa çempionu olub. Bununla da o, Azərbaycan güləş tarixində yeniyetmələr arasında ağır çəkidə ilk Avropa çempionu olaraq adını tarixə yazdırıb. İdmandakı uğurlarını təhsillə birləşdirən Yusif, hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məşqçi-müəllimlik ixtisası üzrə 4-cü kurs tələbəsidir. O, Azərbaycan yığma komandasında tanınmış mütəxəssislər – Arif Abdullayev, Əşrəf Əliyev, Əsgərxan Novruzov, Cəbrayıl Həsənov, Rövşən Hacıyev və Nazim Alıcanovun rəhbərliyi altında məşqlərini əzmlə davam etdirir.
Vətənpərvər idmançımız Avropa çempionatında qazandığı qızıl medalı 55 yaşlı atasına – onun idmanda ilk addımlarını atmasını təmin edən məşqçisi Nurəddin Dursunova hədiyyə edib. Yusifin bu fədakarlığı və qazandığı yüksək nəticələr sayəsində atası "Əməkdar məşqçi" fəxri adı ilə təltif olunub.
"Qazax" Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları Yusif Dursunovu Avropa çempionatında qızıl medal qazanması münasibətilə ürəkdən təbrik edir, ona gələcək fəaliyyətində yeni zirvələr fəth etməyi arzulayırlar.
Sərbəst güləş sahəsində qazandığı böyük uğurlara görə Yusif Dursunov İctimai Birliyin İdarə Heyətinin qərarı ilə "Fəxri Diplom"a layiq görülüb. Yaxın günlərdə bu mükafat təhsil aldığı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında dərs zamanı "Qazax" Xeyriyyə İctimai Birliyi tərəfindən idmançımıza təqdim olunacaqdır.
Qazax mahalının pəhləvan oğlunu cəmiyyətə hörmət və qayğı ilə təqdim edən İctimai Birliyin üzvü, Əməkdar mühəndis, texnika elmləri doktoru, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin "Nəqliyyat və logistika" kafedrasının müdiri Qasım Abdullayevə dərin təşəkkürümüzü bildiririk.


