Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin Baş nazir Əli Əsədovun imzaladığı qərarla ödənişli avtomobil yolu kimi müəyyən edilməsi cəmiyyətdə birmənalı qarşılanmadı. İşğaldan azad edilmiş Qarabağ və ətraf bölgələrə cəmiyyətdə həssas münasibətin olması təbii və anlaşılandır. Üstəlik, harda Şuşa adı keçir, insanlarımız daha da həssaslaşır. Və sual yaranır; Şuşaya aparan yol niyə ödənişli olmalıdır?
Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev “Sherg.az”a aşıqlamasında qeyd etdi ki, ödənişli yol praktikası dünyada, həmçinin regionumuzda da tətbiq olunur. Ölkəmizdə bunun ilkin nümunələri var. Şimal istiqamətində ödənişli yolumuz var və ona alternativ ödənişsiz olan yol da var:

- Əsas məsələ ödənişli yola alternativ ödənizsiz yolun da olmasıdır ki seçim imkanı olsun, vətəndaşlar özləri qərar erisn. Ya, sürətli magistralla hərəkət etsin, ya da məsafə fərqi ilə, sürəti daha aşağı olan yolla. Bu, həm yolların saxlanma xərclərini optimallaşdırır, həmçinin də ciddi alternativ yaradır. Nəzərə alaq ki, Azərbaycan ərazisindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, bu da daha sürətli, amma ödəniş əsaslı yolların olmasını özündə ehtiva edir və sürücülər üçün seçim imkanı yaradır. Ödənişli yol Əhmədbəyli-Füzulu-Şuşa adlanır. Yeni magistral 81 kilometrdir. Ona alternativ olan isə yerli əhəmiyyətli Əhmədbəyli-Füzuli-Şuşa yoludur. Füzulidən sonra isə 2 yol var. Biri “Zəfər yolu”dur. Digəri isə respublika əhəmiyyətli Füzuli-Şuşa yoludur hansı ki Qırmızı Bazardan keçir. Nazirlər Kabinetinin qərarına əsasən, ödənişli avtomobil yolunun başlanğıc nöqtəsi: M–6 Hacıqabul–Bəhramtəpə–Mincivan avtomobil yolunun 157-ci kilometri, son nöqtəsi isə Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun (Zəfər yolu) 100,5-ci kilometri müəyyən edilib. Alternativ ödənişsiz avtomobil yolunun marşrutu, uzunluğu və əsas texniki göstəriciləri isə belədir: - uzunluğu 101 kilometr, - texniki dərəcəsi 0–17-ci kilometr hissəsində – III, 17–101-ci kilometr hissəsində – II, 2 hərəkət zolaqlı, hərəkət zolağının eni – 3,5 metrdir. Tarif (qiymət) Şurası tərəfindən ödənişli avtomobil yolu ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla təyin edilir.