- "Bakı metrosunda sıxlıq kökündən azalacaq"
- "Xətlərin ayrılması Bakı metrosunda yeni dövrün başlanğıcı olacaq"
"Bakı Metropoliteni" QSC avqustun 15-dən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlayır. Təxminən 10-11 ay davam edəcək işlər çərçivəsində "Nizami–28 May" sahəsində qatarların hərəkəti dayandırılacaq, sərnişin daşınması isə alternativ marşrutlarla təşkil ediləcək.
“Bakı Metropoliteni” QSC-nin məlumatına görə, layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun icra olunur.
Bakı metrosunun gələcək inkişafı üçün strateji zərurət olan bu layihənin əsas məqsədi Qırmızı və Yaşıl xətlər arasında asılılığa son qoymaq, stansiyalarda sıxlığı azaltmaq, qatarlararası intervalı minimuma endirmək və hərəkətin dayanıqlılığını təmin etməkdir.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafa Sherg.az-a bildirib ki, Bakı metrosunda hazırda tətbiq olunan hərəkət sistemi hələ sovet dövründən qalan infrastruktur üzərində qurulub. Onun sözlərinə görə, Qırmızı və Yaşıl xətlərin bir-birindən asılı şəkildə işləməsi qatarlararası intervalın daha da azaldılmasına imkan vermir: 
"Hazırda qatar “İçərişəhər” stansiyasına gedib geri qayıdana qədər müəyyən vaxt itirir. Xətlər bir-birindən asılı olduğu üçün qatarlar növbələşərək hərəkət edir. Əgər Qırmızı və Yaşıl xətlər tam ayrılarsa, hər biri müstəqil fəaliyyət göstərəcək, bir-birini gözləmədən öz marşrutu üzrə hərəkət edəcək. Məhz buna görə də hazırda xətlərin ayrılması layihəsi həyata keçirilir.
Layihə başa çatdıqdan sonra Yaşıl xətt “Xətai”dən “Dərnəgül”ə, Qırmızı xətt isə “İçərişəhər”dən “Həzi Aslanov”a qədər müstəqil fəaliyyət göstərəcək. Bunun üçün yeni tunellərin və əlavə dəmir yolu infrastrukturunun tikintisi tələb olunur. Təbii ki, bu, həm vaxt, həm maliyyə, həm də texniki baxımdan mürəkkəb prosesdir. Lakin bu addım zəruridir. Hazırkı sistemdə qatarlararası intervalı təxminən 2 dəqiqəyə qədər endirmək mümkündür. Xətlər ayrıldıqdan sonra isə bu intervalın 1 dəqiqədən də aşağı salınması mümkün olacaq. Bu isə metronun sərnişindaşıma qabiliyyətini təxminən 2-2,5 dəfə artıracaq”.
Ekspert qeyd edib ki, tikinti dövründə müəyyən narahatlıqlar qaçılmaz olduğu üçün sərnişinlərin alternativ ictimai nəqliyyat vasitələrindən istifadə etməsi məqsədəuyğundur.