Qardaşlarımızın sevinci bizim də sevincimizdir

Yaxın illərdə Türkiyə qaz ixrac edən ölkəyə çevriləcək

Yataqlarının işlənməsinə Azərbaycan mütəxəssislərinin cəlb olunması daha məqsədəuyğun olardı. Bu istiqamətdə qardaş ölkəyə öz dəstəyimizi verə bilərik

Türkiyə tarixinin ən böyük təbii qaz kəşfini Qara dənizdə gerçəkləşdirib. Prezident Rəcəb Tayyib Ərdoğan ötən cümə günü xalqa muştuluq verərək, “Fateh” kəşfiyyat gəmisinin iyulun 20-də başladığı axtarışda 320 milyard kubmetr təbii qaz ehtiyatlarının kəşf edildiyini açıqlayıb. Prezident vurğulayıb ki, hədəf 2023-cü ildə Qara dəniz qazını türk millətinə təqdim etməkdir. Ümumən, bölgədə ehtiyatlar 800 milyard kubmetr həcmində qiymətləndirilir. Bu da Türkiyənin təxminən 20 il qaz ehtiyacını ödəməyə kifayət edir.

Bəzi ekspertlərin fikrincə, qaz hasilatının başlanması 7-10 il çəkə bilər ki, bunun üçün təxminən 2-3 milyard ABŞ dolları həcmində investisiya lazım olacaq. İstənilən halda qardaş ölkənin enerji yataqları kəşf etməsi və bunun sadəcə, başlanğıc olması Türkiyənin siyasi-iqtisadi gücünü daha da artıracaq. 



Türkiyənin qaz yatağı kəşf etməsini “Şərq”ə dəyərləndirən millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bunun kifayət qədər əhəmiyyətli məsələ olduğunu deyib. Deputatın sözlərinə görə, bu kəşf yaxın illərdə Türkiyəni qaz ixrac edən ölkəyə çevirəcək: “Həmçinin, Türkiyənin mavi qaz asılılığı azalacaq.

Bəzi mütəxəssislər 320 milyard kubmetr qaz yatağını Türkiyənin illik 5 milyard kubmetr qaz istehlakı ilə müqayisə edirlər. Amma nəzərə almaq lazımdır ki, Türkiyənin mavi qaz istehlakı hər il azalmaqdadır.

Digər tərəfdən 320 milyard kubmetr qazın üzə çıxması gələcəkdə başqa yataqların da kəşfinə qapı acacaq. Hazırda mavi qaz ixracatçısı olan Azərbaycan müstəqilliyin ilk illərində qaz idxal edən ölkə idi.

Bu gün Avropaya qaz ixracından danışırıq. Türkiyə üçün də yeni imkanlar açılıb və bu, region üçün çox vacibdir. Yeni qaz yatağı bölgənin mavi qaz xəritəsini yaxın gələcəkdə dəyişə bilər”. 

V.Bayramovun fikrincə, təbii müttəfiqimiz olan Türkiyənin mavi qaz asılılığından qurtulması Azərbaycan üçün strateji əhəmiyyətə malikdir:

“Hər iki ölkə bütün məsələlərdə bir-birinə dəstək olur. Əlbəttə, Türkiyənin qaz yatağına malik olması ölkələrimiz arasındakı enerji əməkdaşlığına mane olmayacaq.

Çünki Türkiyə Azərbaycandan əlavə 7 milyard kubmetr qaz idxal etmək niyyətindədir. Türkiyənin ümumi idxalını və istehlakını nəzərə alsaq, növbəti dövrlərdə də əməkdaşlığın davam edəcəyini söyləmək mümkündür.

Azərbaycan enerji sahəsində çoxillik təcrübəyə malikdir. Türkiyənin mavi qaz yataqlarının işlənməsinə Azərbaycan mütəxəssislərinin cəlb olunması daha məqsədəuyğun olardı. Bu istiqamətdə qardaş ölkəyə öz dəstəyimizi verə bilərik”.