Dövlət özəl şirkətdən kimisə işə götürməyə məcbur edə bilməz

Ölkəmizdə bir sıra xarici şirkətlər var ki, işçi vakansiyalarında vətəndaşlara yer ayırmırlar. Bu da insanların narazılığına səbəb olur. İşsizliklə bağlı problemlər Dövlət Məşğulluq Agentliyi tərəfindən araşdırılır.

Agentliyin sədri Mustafa Abbasbəyli isə deyir ki, işsiz şəxslərin işlə təminatı üçün göndərişlər məşğulluq orqanları tərəfindən verilir. Lakin biz dövlət olaraq, özəl şirkətləri hər hansı bir işçinin işə götürülməsinə məcbur edə bilmərik. 

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, dövlət orqanlarının özəl sektora hər hansı bir göstəriş verməməsi qanunla müəyyən olunur:

"Əgər bu hal qanunvericiliklə tənzimlənsəydi, o zaman dövlət orqanları tərəfindən müdaxilə etmək mümkün ola bilərdi. Məsələn, Qazaxıstanda illər öncə bununla bağlı ayrıca bir qanun qəbul olunub. Dövlət Qazaxıstanda fəaliyyət göstərən özəl şirkətlərə kvota qoymuşdu ki, işçilərin azı 20-30 faizini yerli vətəndaşlar təşkil etsin. Bu qanuna görə, dövlət həmin sektorlara nəzarət edə bilir. Ölkəmizdə isə belə bir qayda-qanun yoxdur. Ona görə də özəl şirkətlərə dövlətin hansısa göstəriş verməsi, vətəndaşların məcbur işə götürülməsini tələb etməsi qanunvericilikdə nəzərdə tutulmayıb". 

Aytac Ali