Neftin qiyməti hər gün artır

"ABŞ-da avtomobil yanacağına olan tələbat pandemiyadan əvvəlki göstəricilərə çatıb"


Azərbaycanın dünya bazarına çıxararaq satdığı xam neft bir qədər də bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti dünya bazarında 73,17 dollara çatıb. Xatırladaq ki, “Azeri Light” markalı neftin ən aşağı qiyməti 2020-ci il aprel ayında 15 dollar olub. Dünyada baş verən son proseslərdən sonra neftin qiymətinin artması müşahidə olunur. 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, brent markalı neftin ən bahalı partiyası hələ ki, 73,63 dollara satılıb. Ekspertin sözlərinə görə, bir neçə faktorun “buket” halında bazara təqdim edilməsi iştirakçılar arasında pozitiv əhval-ruhiyyə üçün yaxşı şərait yaradıb:

“OPEC-in qlobal bazarda gündəlik 2 milyon barellik tələbi ilə bağlı proqnozu neftin qiymətinin bahalaşmasına səbəb olub. Məhz bu hesabata görə, İran hətta bazara əlavə 1 milyon barel neft çıxartsa, OPEC+ çərçivəsində yumşalmalar əldə edilsə belə yenə də bazarda indiki qiymət stabilliyinin pozulması ehtimal edilmir. Çünki yanacağa tələbat tədricən artır. ABŞ-da avtomobil yanacağına olan tələbat pandemiyadan əvvəlki göstəricilərə çatıb. İnsanlar kütləvi peyvəndləmədən sonra daha inamla səyahət etməyə və kütləvi tədbirlərə qatılmağa başlayıblar. Amerikada yay mövsümü ilə əlaqədar təyyarə ilə gündəlik səyahət edənlərin sayı 2 milyon nəfəri aşıb, aviakerosinin sifarişi hər həftə artmaqdadır”. 

İ.Şaban vurğulayıb ki, dünya üzrə iqtisadi aktivlik artır:

“Ölkələr arasında 1 ildən çox sürən gediş-gəliş qadağaları ya yumşaldılır, ya da tamamilə ləvğ edilir ki, hər iki hal enerjiyə tələbatı artırır. O cümlədən Beynəlxalq Enerji Agentliyi OPEC+ ölkələrinə çağırış edib ki, “bəsdir artıq bu qədər məhdudiyyətlər dövründə neft çıxartdınız, neftin vintilini açmağın vaxtıdır”. Proqnozlara görə, bu il qlobal bazarda neftə olan gündəlik tələbat 96,4 milyon barel təşkil edəcək”.