Fürsəti əldən vermək istəmir


Regional bazarın yaradılmasında İran tərəfi daha təşəbbüskardır

Azərbaycan, İran, Türkiyə və Rusiya ümumi regional bazarın yaradılması barədə razılıq əldə edib. İranın İnformasiya və kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi deyib ki, regional bazarlar ticari-iqtisadi münasibətlərdə əsas rol oynayır. Maraqlıdır ki, bu layihədə Azərbaycana qonşu olan iki dövlət - Gürcüstan və Ermənistan yoxdur. Nə üçün bu iki dövlət layihədən kənardır? Azərbaycan bu regional bazardan hansı faydaları əldə edə bilər?

Suallarımızı cavablandıran iqtisadçı-ekspert Eldəniz Əmirov "Şərq"ə açıqlamasında deyib ki, regional bazarın yaradılmasında İran tərəfi daha təşəbbüskardır:

"İran burada ixrac potensialını reallaşdırmaq fürsətləri qazanacağını düşünür. Çünki bu adı çəkilən ölkələr arasında o ölkələr daha çox regional bazardan fayda götürəcək ki, onların istehsal-ixrac (qeyri-neft) potensialı daha geniş olsun. Məsələyə bu kontekstdən yanaşdıqda bunun İran və Türkiyə üçün faydaları daha çoxdur. Perspektivdə isə Türkiyə İranı da üstələyərək regional bazarın iştirakçıları arasında şəksiz lider ola bilər. Türkiyə iqtisadiyyatının mövcud potensialı buna imkan verir. Ümumiyyətlə, bura ixracda çətinlik çəkənlər üçün daha yararlı ola bilər. "Gürcüstan və Ermənistan niyə bu layihədə yoxdur" sualına gəlincə, cavablar fərqlidir. Ermənistanı biz istəmirik, Gürcüstan isə özü istəmir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmi qaydada tanıdığını bəyan etməyib, ona görə də Azərbaycan onu bütün layihələrdən kənar saxlayır. Gürcüstanda isə vəziyyət bir az başqa cürdür. Regional bazarın yaradılmasını istəyən bütün ölkələr çox güman ki, Gürcüstanı burada görmək istəyər. Lakin Gürcüstan özü bu bazara o qədər də meyilli deyil. Avropaya istiqamət alan bu ölkənin hazırkı iqtisadi fəaliyyət coğrafiyasında yer alması onun iqtisadi və siyasi maraqlarına ziddir. Rusiyaya gəldikdə isə bütün məkanlarda, hətta mədəniyyət mərkəzlərində və tədbirlərində belə az qala bu ölkənin daha çox hərbi-siyasi yanaşma tərzi sərgilədiyini nəzərə alsaq, bu, regional bazar fəlsəfəsinə də onun öz prizmasında yanaşacağı gözləniləndir".

Azərbaycanın bu regional bazardan ala biləcəyi faydalara gəldikdə isə ekspert bildirib ki, hazırkı dönəmdə bunun digərləri kimi olmasa da müəyyən istiqamətlərdə faydaları olacaq:

"Qeyd etdiyim kimi ixrac mallarını daha çox reallaşdırmaq fürsəti o ölkələrdə olur ki, onların ixrac potensialı var. Amma bazarla bağlı problemlər yaşayırlar. Bu baxımdan İran və Türkiyə bu regional bazarın üstünlüklərindən daha çox faydalanan ölkələr olsa da, Azərbaycan da müəyyən ixrac məhsullarını bu bazarda daha rahat və sərfəli şərtlərə realizə edə bilər. Bundan əlavə olaraq, ixrac yönümlü istehsal və emal sahələrinin yaradılması üçün də Azərbaycana əlavə fürsətlər yarada bilər. Amma bir şərtlə ki, bu stimullaşdırıcı situasiya zamanında qiymətləndirilib istifadə edilsin. Yüksək dəyər tutumlu məhsullar istehsalının ciddi əsası qoyulsun. Əgər biz bu bazarda yenə də alıcı olacağıqsa, təklif yox, tələb edən tərəf olacağıqsa, bunun faydasından uzun danışmağa dəyməz. Bütün tərəfdaş ölkələrin ümumi faydalanacağı digər bir üstünlük isə burda fərqli ödəniş sistemləri tətbiq etməklə region xaricinə valyuta axınının nisbətən əngəllənməsi ola bilər. Çünki bu regional bazarın tərəfdaşlarının hər birini birləşdirən ən böyük oxşar xüsusiyyət onların hər birinin milli valyutasının ciddi təzyiq altında olması, real mənada dəyər itirməsidir. Düzdür, regional bazar bu təzyiqin qarşısını ala bilməz. Amma əlverişli yeni ödəniş sistemləri yaratmaqla nisbi mənada xaricə valyuta axınını az da olsa əngəlləmiş olar. Digər bir ümumi dividend isə bu bazarın bölgənin stabilliyinə (nisbi) xidmət etməsidir".