Valideynlərə dəstək proqramı mütləq lazımdır

Bir uşağın məktəb hazırlığına ortalama 250-300 manat sərf olunur

Məktəblilərin məktəb xərclərini ödəmək hökumət üçün prioritet olmalıdır


Dərs ilinin başlanmasına hələ çox var. Valideyn qayğıları üçünsə zaman anlayışı, vaxt limiti yoxdur. Valideyn həmişə qayğılıdır. Xüsusilə də övladını məktəbə hazırlayanlar. Məlum məsələdir; uşağın məktəbli forması, ayaqqabısı, məktəbli çantası, dəftər-qələm... Hələ nə qədər əlavə xərclər lazım olur, kiçik, lakin vazkeşilməz hesab edilən ləvazimatlar üçün. Su qabı, yemək qabı, qələm qabı, corabdan tutmuş, saç qısqacları, bantlara qədər. Eyvah... Nə qədər pul lazımdır. Hələ düşünün ki, bir evdən 1 deyil, 2, 3 uşaq məktəblidir. Dəhşət olar.  Amma Rusiya hökuməti valideynləri məktəb bazarlığından qismən də olsa xilas etməyin yolunu tapıb.

Rusiyada avqustun 16-dan başlayaraq məktəbli valideynləri yeni tədris ili ilə bağlı (orda dərslər sentyabrın 1-dən başlayır – red.)  dövlətdən 10 min rubl məbləğində (təxminən 233 manat) birdəfəlik ödəniş alacaqlar.  Bu barədə Milli.az Rusiya mediasına istinadən xəbər verib. Ödəniş 6-18 yaş arasında olan bütün şagirdlərə şamil ediləcək. Ödənişin verilməsində ailənin maliyyə imkanları nəzərə alınmayacaq. Yəni nəzərdə tutulan vəsaiti varlı da alacaq, kasıb da. Bundan başqa, yaşı 18-23 aralığında olan, ancaq əlilliyi olan məktəblilər də dəstəkdən yararlana biləcəklər. Təxmini hesablamalara görə, dəstək proqramı 20 milyon nəfərə yaxın şagirdi əhatə edəcək, vəsaitin ödənişi hökumətə 170 milyard rubla (4 milyard AZN) başa gələcək. Təsəvvür edək ki, Azərbaycanda da belə bir proqram icra olunur və 3 övladı təhsil alan ailəyə ümumilikdə 700 manat pul ödənilir. Bu məbləğ övladları məktəbə hazırlamaq üçün yetərli olarmı? 

İqtisadçı Nazim Bəydəmirli “Şərq”ə açıqlamasında qeyd edib ki, valideynlərə məlum dəstək proqramı Rusiyada illərdir icra olunur və bundan milyonlarla ailə faydalanır:

- Ümumiyyətlə, pandemiya dövründə hər bir ölkə çalışdı ki, əhalisinə hansısa dərəcədə maddi yardım etsin. Müxtəlif sosial proqramlar icra olundu. Məlum məsələdir ki, pandemiya şəraitində işsizlik artdı, bir sıra iş yerləri qapandı və ailələr bundan zərər gördü. Əhaliyə yönəlik sosial proqramlarla bağlı çoxlu misallar, nümunələr çəkmək olar. Deyim ki, bəlkə də ən zəif sosial proqramlar Azərbaycan hökuməti tərəfindən icra olunub. Ölkələr var ki, məkətəbəqədər yaşlı uşaqlar üçün, məktəb yaşlı uşaqlar, onların təhsili və tətili ilə bağlı xüsusi proqramlar icra ediblər. Bizdə bu proqramlar zəifdir. Ölkə əhalisinin sayı 10 milyon yarıma çatıb.

Orta hesabla hər ailədə 1 nəfər işləyən şəxs varsa və yaşayış minimumu da rəsmi olaraq 206 manat hesablanırsa, məktəblilərin məktəb xərclərini ödəmək hökumət üçün prioritet olmalıdır. Çünki bir uşağın məktəb hazırlığına ortalama 250-300 manat sərf olunur. Dərs ili yaxınlaşdıqca məktəb ləvazimatlarının qiyməti də qalxır.

Bildiyim qədər hazırda məktəblilərə yalnız dərsliklər pulsuz verilir. Bundan savayı məktəbliyə pulsuz, ödənişsiz, güzəştlə verilən başqa nəsə yoxdur. Belə hallar olur, bəzən, hansısa orta məktəbdə 1-cilərə məktəbli çantası, içində bir-iki dəftər-qələm hədiyyə edilir. Amma biz ümumilikdə tədris ili ərzində bir şagirdə çəkilən xərci, sərf olunan maddi vəsaiti əsas götürməliyik. Bu vəsait ortalama 250-300 manatdırsa, o deməkdir ki, valideyninin biri işləyən ailələr üçün məktəb hazırlığı əsl məşəqqətdir.

Rusiya hökuməti 20 milyon nəfərə birdəfəlik maddi yardım göstərə bilirsə, iqtisadiyyatı güclü, gəlirləri də böyük olan Azərbaycan dövləti də bunu edə bilər. Yəqin ki, hökumətə bununla bağlı müraciət edilməlidir.