“Neft ölkələri, o cümlədən Azərbaycan üçün əsas təhlükə bu il neft bazarında artıq təklifin gözlənilməsidir. Tramp və yeni Amerika administrasiyasının siyasəti ABŞ-da neft hasilatının artırılmasına əsaslanacaq. Təbii ki, hasilat artarsa, neftin qiyməti aşağı düşəcək. Bu isə neft ölkələri, o cümlədən Azərbaycan üçün əsas təhlükədir”.
Bunun Bakupost.az -a iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
O qeyd edib ki, 2025-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 70 dollar təşkil edir. Amma bu il “qara qızıl”ın orta qiyməti 70 dollardan aşağı olarsa, bu, həm Azərbaycan büdcəsi, həm də ölkənin valyuta ehtiyatları üçün müəyyən problemlər yaradacaq.
Neft sahəsi üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Sherg.az”a bu fikirdə olmadığını deyib:
“Çünki Milli Məclisdə büdcə təsdiqlənərkən Azərbaycanın keçmiş Maliyyə Naziri Samir Şərifovun açıqlamasına görə neftin qiyməti normal senari götürülüb. Lakin pessimist senariyə görə 60 dollara qədər qiymətlərin düşməsi əvvəlcədən risk kimi orada qeyd edilib. Bu baxımdanda 59 dollar olsa büdcə üçün təsiri ola bilər. Çünki bu zaman vəsait az olur. Ancaq dəhlizdə olan 60-70 dollar arası qiymət, büdcə üçün hər hansı gərginlik yaşatmamalıdır”.
İqtisadçı-ekspert Asif İbrahimov isə bildirib ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi tərtib olunarkən İqtisadiyyat Nazirliyinin proqnozları əsasında neftin bir barelinin qiyməti 70 ABŞ dolları həcmində nəzərdə tutulub:
“Bu təxminən 2024-cü ildən 5 ABŞ dolları azdır. Qiymət ona görə 70 ABŞ dolları həcmində nəzərdə tutulub ki,Avropa İttifaqının Rusiya neftinin dənizdən idxalına qadağası (fevral ayında tam qüvvəyə minib) və Çinin koronavirusdan sonra açılması bazardakı gərginliyi daha da artıracaq. Bunun üçün də neft qiymətlərinin bu ilin avqust ayınadək 80 dollardan aşağı olmayacağıni müşahidə etmək olar. Lakin neft qiymətlərinin müəyyən kənar faktorlar və simulyasiyalar nəticəsində 70 ABŞ dollarından aşağı düşmək ehtimalını da nəzərə almaq lazımdır. Yəni nəzərdə tutulmuş büdcə gəlirlərinin proqnozlaşdırılandan az olması Azərbaycan dövlət büdcəsibdə çətinliklər yarada və valyuta ehtiyatlarının azalmasına gətirib çıxara bilər”.