"Qızıl ortanı tapmaq lazımdır"

Natiq Cəfərli: "Heç olmasa, maaş və təqaüdlərin artımından sonra bəlli rüsumların artımına gedilsəydi, bunu hardasa anlamaq olardı"

"Ölkədə istehsalı olmayan və sosial yüklü məhsulların belə kifayət qədər yüksək gömrük rüsumları var. Uşaq yeməkləri, dərman preparatları, əngəlli insanlar üçün avadanlıqlar və s. məhsullar 15 faiz rüsumlarla ölkəyə gətirilir"


Ölkədə istehsal məhsullarının, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində cidi artım müşahidə edilir. Bu artımlar özünü həm yerli istehsalda, həm də idxal məhsullarında göstərir. Qeyri-ərzaq məhsullarından daha çox bahalaşma parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebellərin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının qiymətlərində müşahidə olunub. Həmçinin, bu ilin 9 ayında Bakının ticarət şəbəkələrində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri də son 1 illə müqayisədə 4,7 faiz bahalaşıb. 

Dövlət qurumları bahalaşma ilə bağlı müəyyən əsaslandırmalar gətirsələr də, həyat üçün əhəmiyyətli sayılan ərzaq və qeyri-ərzaq məhsullarının bahalaşması əhali tərəfindən birmənalı qarşılanmayıb. İctimaiyyəti narahat edən digər məqamlardan biri də milli valyutanın ucuzlaşması ehtimalı ilə bağlıdır. Çünki qonşu ölkələrin demək olar ki, hamısında valyutalar dəyərdən düşüb. Bu arada “Dövlət rüsumu haqqında” qanuna nəzərdə tutulan dəyişikliklərə əsasən, təxminən 250 adda məhsulla bağlı dövlət rüsumlarının məbləğinin dəyişdirilməsi də müzakirə olunmaqdadır. Mövcud dəyişikliklərlə bağlı nisbətən müsbət qarşılanan yeganə məqam isə kitab və kağız məhsulları üzərindən ƏDV-nin götürülməsi ilə bağlıdır. 

Gündəmin əsas müzakirə mövzuları ilə bağlı “Şərq”in müsahibi iqtisadçı-ekspert, ReAL Partiyasının sədr müavini Natiq Cəfərlidir. Cəmiyyəti narahat edən məqamlara diqqət çəkən iqtisadçı problemlərin haradan qaynaqlandığını və çıxış yollarını da söyləyib...

 - Natiq bəy, Azərbaycanda dövlət rüsumları ilə bağlı ümumilikdə 250-dən çox dəyişiklik təklif olunur. Rüsumlarla bağlı qanun layihəsinə edilən təklifləri necə dəyərləndirirsiniz?

 - Gömrük və dövlət rüsumları, yaxud da vergilərin artırılması birbaşa insanlara təsir göstərir. Problem odur ki, heç bir sahibkar, biznes strukturu artan rüsumları, vergi dərəcələrini öz cibindən ödəmir. İstənilən halda rüsumlar artarkən həmin xərclər mal və xidmətin üzərinə əlavə olunur. Bu da nəticə etibarilə vətəndaşın cibindən çıxır. Yenə deyirəm, heç olmasa, maaş və təqaüdlərin artımından sonra bəlli rüsumların artımına gedilsəydi, bunu hardasa anlamaq olardı. İndiki halda rüsumların artırılmasını qəbul etmək mümkün deyil. Zamanlama etibarilə də doğru addım saymıram. 

 - Demək olar ki, əksər ərzaq və qeyri-ərzaq məhsullarında bir neçə dəfə qiymət artımı baş verib. Qurumların əsaslandırmasını və bəzi ekspertlərin bahalaşmanı “müvəqqəti” saymasını necə şərh edərdiniz? Bahalaşmanın səbəbləri nədir?  

 - Qiymət artımlarının səbəblərini obyektiv və subyektiv məqamlara bölmək olar. Obyektiv səbəb dünya bazarında da ərzaq indeksinin yüksəlməsi, qiymətlərin və logistikanın bahalaşmasıdır. Hazırda yük daşımalarında ciddi problemlər üzə çıxıb. Karqo yük daşımalarında qiymətlər xeyli artıb. Bu da təbii olaraq qiymətlərə öz təsirini göstərir. Yeganə obyektiv səbəb kimi bunu göstərmək olar. Azərbaycanda qiymət artımlarına təsir göstərən subyektiv səbəblər isə daha çoxdur. Bu, ölkəmizdəki iqtisadiyyatın xroniki xəstəliyindən qaynaqlanır. İnhisarçılıq və korrupsiya faktlarının törətdiyi problemlərlə bağlıdır. Həmçinin məmur biznesi rəqabətsizlik mühiti ilə əlaqədardır. Rəqabətsizlik mühiti qiymətləri artıran əsas amillərdən biridir. Bundan başqa vergi və gömrük rüsumlarının tətbiqində müəyyən anlaşılmazlıqlar var. Məsələn, ölkədə istehsalı olmayan və sosial yüklü məhsulların belə kifayət qədər yüksək gömrük rüsumları var. Uşaq yeməkləri, dərman preparatları, əngəlli insanlar üçün avadanlıqlar və s. məhsullar 15 faiz rüsumlarla ölkəyə gətirilir. Sosialyönlü məhsullar belə yüksək gömrük rüsumu ilə Azərbaycana daxil olur. Halbuki, ölkədə bunların istehsalı yoxdur. Yəni “daxili bazarı qorumaq” təşəbbüsündən söhbət gedə bilməz. Bu mənada gömrük rüsumlarının yüksək olması anlaşılan deyil. Bütün bunlar təbii olaraq qiymət artımının əsas səbəblərinə çevrilir və əks prosesin baş verməsinə, yəni qiymətlərin enməsinə imkan vermir.

 - Qonşu ölkələrdə milli valyutaların dəyər itirməsi manatla bağlı narahatlığa əsas yaradıb. Hazırkı durumda manatın ucuzlaşması ehtimalı nə qədərdir? 

 - Azərbaycanda milli valyuta, yəni manat inzibati qaydada tənzimlənir. Bizdə bazar iqtisadiyyatı qaydaları keçərli deyil. Hətta 2016-cı ilə Mərkəzi Bankın rəhbərliyi “üzən məzənnə” rejimi elan etsə də, sonradan bu termindən belə imtina etdilər. Ölkəmizdə iqtisadi institutlar yoxdur ki, məzənnə bazar qaydalarına uyğun olaraq tənzimlənsin. Qonşu ölkələrdə baş verən hadisələr isə psixoloji olaraq bizə təsir göstərir. İnzibati qaydada tənzimlənən manat əsasən neft qiymətlərinə həssasdır. Neft qiymətlərinin indiki zamanda kifayət qədər yüksək olması manata olan basqıları amortizasiya etməyə imkan yaradır. Ən azından neft qiymətlərinin yüksək olduğu dövrdə manatla bağlı hansısa kəskin addımların atılacağını, devalvasiya ehtimalını çox aşağı görürəm. Amma manatla bağlı devalvasiya qədər təhlükəli bir proses gedir. Manatın alıcılıq qabiliyyəti aşağı düşür, inflyasiya insanların real gəlirlərini yeyib-bitirir. Bunun özü devalvasiya qədər təhlükəli tendensiyadır. 

 - Spirt, tünd içkilər və konyak üçün aksiz vergisinin artırılması, elektron siqaret və qəlyanın aksiz vergisinə cəlb olunması barədə fikriniz nədir?

 - Dünyanın bir çox ölkələrində hökumətlər tütün məmulatlarının və spirtli içkilərin rüsumlarını, vergilərini, aksiz dərəcələrini çox rahatlıqla artırırlar. Çünki bu, sosial məsələ və ehtiyac olmadığına və qərar sağlam həyat üçün verildiyinə görə, vətəndaşlar tərəfindən ciddi narazılıqla qarşılanmır. Amma burada bir neçə önəmli problem var. Aksiz vergiləri artdıqca bunun xərcləmə istiqamətləri də müəyyənləşməlidir. Bir çox ölkədə tütün məmulatları və spirtli içkilərdən gələn aksiz gəlirləri konkret olaraq sağlam həyat tərzinin təşviqinə yönəlir. Yəni insanlar idmanla məşğul olmağa sövq edilir, azyaşlılar uşaq-idman məktəblərinə yönəldilir. Təəssüf ki, bizdə bu cür təsnifat yoxdur. Digər məqam odur ki, əsasən də spirtli içkilərdə qiymətlər həddindən artıq bahalaşırsa, vergi və rüsumlar həddindən artıq yüksəlirsə, bazara saxta malların çıxarılmasının, kustar üsullar hazırlanmış içkilərin bazara ayaq açmasının şahidi oluruq. Bu da insan sağlamlığına böyük zərbə vurur. Hətta ölüm hallarının artmasına gətirib çıxarır. Rusiyada bir neçə il öncə bahalaşma baş verdi və etil spirtindən hazırlanan ucuz içkilər minlərlə insanın həyatına son qoydu. Nəticədə Moskva geri addım ataraq aksizləri azaltmaq məcburiyyətində qaldı. Məncə, bizdə də bu məqamlar nəzərə alınmalıdır. Qızıl ortanı tapmaq lazımdır. Rüsumların və aksizlərin artırılması mümkündür, amma o dərəcədə olmalıdır ki, bazara saxta məhsullar çıxmasın. 

 - Kitab, kağız, nəşriyyat və digər sahələrdə idxal və satışın ƏDV-dən azad olunması bu sahələrdə hansısa irəliləyişə səbəb olacaqmı?

 - Kitab və çap məhsullarının ƏDV-dən azad edilməsi kifayət qədər pozitiv məsələdir. Uzun müddətdir müzakirə olunan məsələnin müsbət sonluqla yekunlaşması deməkdir. Milli Məclisin yaz sessiyasında ReAL-ı təmsil edən deputat Erkin Qədirli çap materiallarının, kitabların ƏDV-dən azad olunmasını təklif etmişdi. Çox yaxşı ki, bu məsələ nəhayət həllini tapır. Fikrimcə, qərar bu sahədə qiymətlərin tənzimlənməsinə, ucuzlaşmaya, eyni zamanda çap biznesi ilə məşğul olan iş adamlarının rahatlamasına səbəb olacaq.