Ehtiyac meyarı yüksəlir: "Ünvanlı sosial yardımın da məbləği artacaq"

“Gələn ildən ehtiyac meyarı 200 manata çatdırılacaq. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir”.

“Sherg.az” xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov deyib. 

Deputat bildirib ki, ehtiyac meyarının 170 manatan 200 manatadək yüksəlməsi ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq: 

“Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək. Aydınlıq üçün deyim ki, ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 600 manatdır. Bu il həmin ailə üçün 850 manat ehtiyac meyari, yəni xərc hesablanır. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 250 manat olur. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda o proqram çərçivəsində ayda dövlətdən 250 manat yardım ala bilir. Amma bu rəqəm gələn ildən artacaq. Belə ki, həmin ailə üçün ehtiyac meyar 1000 manata yüksəlir və nəticədə həmin ailənin aldığı aylıq yardım 250 manat deyil 400 manat olur”. 

V.Bayramov qeyd edib ki, 2023-cü ildən etibarən ehtiyac meyarının ləğv edilməsi və yalnız yaşayış minimumdan istifadə olunması daha məqsədəuyğun olardı: 

“Bu zaman ünvanlı sosial yardım proqamında da yaşayış minimumu meyarından istifadə etmək daha uyğundur. Bu sözügedən proqram çərçivəsində ödənilən yardım məbləğinin daha da artmasına səbəb olar. Qeyd edək ki, gələn il üçün yaşayış minimumu 210 manata olacaq”.