500 milyon manata qənaət edilib

Nazir deyib ki, əsassız və saxta pensiyalar ləğv olunub

“Başlıca çağırış ölkə iqtisadiyyatının neftdən asılılığını sıfıra endirməkdir”


Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sosial siyasət komitəsi 2022-ci ilin büdcə zərfinə dair müzakirələrə başlayıb. İclasda İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, parlamentarilər, o cümlədən müxalifət partiyalarının sədrləri də iştirak ediblər. Müzakirələrdən sonra qanun layihələri birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.

“Gələn il də azad olunmuş ərazilərin bərpası əsas prioritet olacaq”

2022-ci il dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən Maliyyə naziri Samir Şərifov deyib ki, gələn ilin dövlət büdcəsinin xərcləri müstəqillik tarixində indiyə qədər ən böyük xərclər olan büdcədir. Nazir bildirib ki, cari ildə olduğu kimi 2022-ci ildə işğaldan azad olunmuş ərazilərin bərpası əsas prioritet olaraq qalmaqdadır: “Bərpa prosesi sürətli və əzəmətlidir. Dövlət başçısının tapşırığından irəli gələn bu ümdə vəzifələrin növbəti ildə də davam etdirilməsi üçün 2,2 milyard vəsait ayrılması nəzərdə tutulub. 2022-ci il və sonrakı 3 il üçün proqnozlaşdırılan büdcə layihələri iqtisadi artımı, şəhid ailələrinin, müharibə qəhrəmanlarının sosial müdafiəsini dəstəkləyəcək. Dövlət və icmal büdcələrinin gəlir və xərcləri hesablanarkən cari ilin 9 ayının icra göstəricilərinə də diqqət yetirilib, müvafiq əlavə və dəyişikliklər edilib. Ölkə iqtisadiyyatının COVİD-19 pandemiyasının təsirlərindən bərpası prosesi sürətlə getməkdədir. Bu il dövlət büdcəsinin vergi və gömrük daxilolmaları proqnozlaşdırılandan artıq olub. 2025-ci ilədək büdcə layihələrinin əsasını Böyük Qayıdışı təmin etmək üçün görüləcək işlər təşkil edəcək”. 

“Büdcədə əməkhaqlarının artırılması üçün vəsait nəzərdə tutulub”

S.Şərifov bəyan edib ki, sosial müdafiə və sosial təminat üçün gələn ilin dövlət büdcəsindən 3 milyard manatdan çox vəsait ayrılacaq: “Prezidentin tapşırığına uyğun olaraq, növbəti ilin dövlət büdcəsində əməkhaqlarının artırılması üçün vəsait nəzərdə tutulub. Həmin artımlar hesabına sosial sığorta yığımları da artacaq. Eyni zamanda ölkədə qeyri-formal məşğulluğun azaldılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi sosial sığorta haqlarının yığımına və artmasına müsbət təsir edib. Sosial sığorta haqlarının artması hesabına Dövlət Sosial Müdafiə Fondunun gəlirləri artır. Növbəti ildə aztəminatlı ailələrə verilən vəsait üçün də ayırmalar büdcədə qeyd edilib. Əlavə məşğulluğun təşkili üçün də büdcədən müvafiq vəsait yönəldilib”.

Samir Şərifov əlavə edib ki, 2022-ci ildə dövlət büdcəsində səhiyyə xərcləri üçün 1 milyard 789 milyon manat vəsait nəzərdə tutulub. Nazir bildirib ki, son 5 ildə səhiyyə üzrə xərclərin ümümdaxili məhsulda (ÜDM) payı artıb: “Bu sahədə xərclərin məbləği mütləq ifadədə 2,5 dəfə artıb. Səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 63 faizi icbari tibbi sığortanın tətbiqinə yönəldilib. Eyni zamanda gələn il də koronavirus pandemiyası ilə mübarizəyə vəsait ayrılması da səhiyyə xərclərində yer alıb”.

“Milli prioritetlərə uyğun 5 illik dövrü əhatə edən strateji sənəd hazırlanıb”

Maliyyə naziri qeyd edib ki, 2022-ci ilin dövlət və icmal büdcələrinin layihələri hazırlanarkən ölkənin 2030-cu ilədək milli prioritetləri əsas götürülüb: “Prezidentin sərəncamına uyğun olaraq Maliyyə Nazirliyi 5 illik dövrü əhatə edən strateji sənəd hazırlayaraq dövlət başçısına təqdim edib. Bununla yanaşı, dövlət və icmal büdcələrin hazırlanmasında İqtisadiyyat Nazirliyinin hazırladığı makroiqtisadi proqnoz göstəriciləri də əsas kimi qəbul edilib”.

Samir Şərifov qeyd edib ki, büdcə gəlirlərimiz nəzərdə tutulandan daha artıqdır: “1,5 milyard manat məbləğində artıq daxilolmalar gözlənilir. Nazir bildirib ki, bura 1,2 milyard manat İqtisadiyyat Nasirliyi yanında Vergi Xidmətindən, 200 milyon manat Dövlət Gömrük Komitəsi, 100 milyon manat isə digər qurumlardan daxilolmalar daxildir. Neft qiymətlərinin artımı prosesi də göz qabağındadır. Dünyada bununla bağlı müxtəlif senarilər söylənilir. Bu senarilər ötən ilin payızında mövcud deyildi. Senarilərin əsası ondan ibarətdir ki, dünya peyvəndlərin ərsəyə gəlməsi ilə bağlı tənəzzüldən tədricən çıxacaq və bərpa prosesinə qədəm qoyacaq. Lakin bu bərpa prosesinin hansı şərtlərlə, problemlərlə üzləşəcəyi senarilərdə yox idi. Dünya miqyasında bu gün tələb və təklif arasında böyük uçurum yaranıb”.

“500 milyon manata qənaət edilib”

İqtisadiyyat naziri Mikayıl Cabbarov isə vurğulayıb ki, əsassız pensiyaların ləğvi nəticəsində xeyli vəsaitə qənaət edilib: “2018-ci ildə 25 milyon, 2019-cu ildə 133 milyon, 2020-ci ildə 346 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edilib. Cari ilin 10 ayı üzrə isə əsassız və saxta pensiya işlərinin ləğv edilməsi nəticəsində təqribən 500 milyon manat məbləğində vəsaitə qənaət edilib. Hazırda Azərbaycan 2022-2030-cu illəri əhatə edən yeni inkişaf mərhələsinə daxil olur. Qarşımızda iqtisadi artımın daha dayanıqlı hala gətirilməsi, milli iqtisadiyyatın maliyyə dayanıqlılığının daha da gücləndirilməsi və işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi kimi ümdə vəzifələr durur”. 

“Bu il ölkədə iqtisadi artımın 5 faizdən çox olması gözlənilir”

Mikayıl Cabbarov bildirib ki, cari ildə iqtisadi artımın 5 faizdən çox olması gözlənilir. Nazir bildirib ki, qeyri-neft sektorunda iqtisadi artımın sürətlənməsinə təkan verən amillər mövcuddur: “Cari ilin 9 ayında qeyri-neft sektorunda əlavə dəyər artıb. Son illər hökumət tərəfindən sənaye zonalarının inkişafı üçün siyasət həyata keçirilib. Tikinti sektorundan əlavə, dəyərin artımı hələ ki, mənfi zonadadır. Son illər sənaye zonalarına əhəmiyyətli investisiya yatırımları olub. Bu günədək ölkədə 510-dan çox investisiya təşviqi sənədi verilib. Dövlət investisiyalarına gəldikdə, 2022-ci ilin ilkin büdcə layihəsində bu istiqamətə əsaslı vəsait qoyulub. Prezidentin şəxsi təşəbbüsü nəticəsində bu sahəyə ayrılan vəsait artırılıb. Bu da investisiyaların həcminin artırılmasına öz təsirini göstərəcək. Cari ilin 10 ayında qeyri-neft ixracının həcmində də artım müşahidə edilib”.

"Strategiyanın maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin həcmi 20 milyard manata yaxındır"

İqtisadiyyat nazirinin sözlərinə görə, 2022-2026-cı illər üçün sosial strategiya sənədi hazırlanıb və təqdim edilib: “Başlıca çağırış ölkə iqtisadiyyatının neftdən asılılığını sıfıra endirməkdir. Bunun üçün iqtisadiyyatda adekvat mühit yaradılması nəzərdə tutulur. Məhz bu ideologiyadan çıxış edərək cari ildə Baş nazirin rəhbərliyi altında yaradılmış işçi qruplarda yüksək səviyyəli yerli və beynəlxalq ekspertlərin iştirakı ilə müzakirələr keçirilib. Bunun üçün ölkə iqtisadiyyatının bütün sahələrində strateji hədəflər və bu hədəflərə çatmaq üçün plan müəyyən edilib. Strategiyanın maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin həcmi 20 milyard manata yaxındır. Növbəti ilin dövlət büdcəsi yeni strateji ilin ilk büdcəsidir”.

“DSMF-nin büdcəsinin 80 faizi sosial sığorta haqları hesabına formalaşacaq”

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, məcburi dövlət sosial sığorta haqları üzrə növbəti ildə çox böyük artım gözlənilir: “Bunun həcmi 18 faizə qədərdir. Bundan irəli gələrək dövlət öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait azaldılır. DSMF-nin büdcəsinin 80 faizi sosial sığorta haqlarının yığımı hesabına formalaşacaq. Sosial sığorta haqlarının artmasında İqtisadiyyat Nazirliyi, vergi orqanları və digər bizim qurumlarımızın əlaqələndirilmiş işinin çox ciddi payı olub”.
 

Sahil Babayev bəyan edib ki, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərdə 46 faiz artım gözlənilir. Nazir bildirib ki, bunlar dəfn, 3 yaşına çatanadək uşaqlar və hamilələr üçün olan vəsaitlərdir: “Dövlət Sosial Müdafiə Fondu tərəfindən 66 xidmət artıq elektronlaşdırılıb. Paralel olaraq bütün ölkə üzrə fərdi uçot sistemi tam şəkildə mərkəzləşdirilib. Bundan başqa, Fond tərəfindən ölkə üzrə məhkəmə prosesində olan işlər mərkəzləşdirilib. Bu istiqamətdə görülən işlər sayəsində uduzulmuş işlərin sayı 96 faiz azalıb. Məbləğ olaraq da 97 faiz azalma baş verib. Saxta pensiya işlərinin maliyyələşdirilməsi və s. kimi halların qarşısı artıq tam şəkildə alınmaqdadır. Hazırda ölkə üzrə sosial xərclərin təyinatı mərkəzləşdirilir. Burada tək pensiyalardan söhbət getmir. Arxiv sənədlərinin mərkəzləşdirilməsi çərçivəsində də yüksək məbləğli saxta pensiya işlərinin hamısı tam ləğv edilir. Artıq 16 rayon üzrə ünvanlı sosial yardım üzrə yoxlamalar tam mərkəzləşdirilib. İlin sonunadək bu proses 46 rayonda həyata keçiriləcək”.

“Büdcə qanunvericiliyinin təkmilləşdirilməsinə ehtiyac var”

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, növbəti ilin dövlət büdcəsinin gəlirləri əvvəlki illərdən çox proqnozlaşdırılıb: “Potensiala yenidən baxılmasının zəruriliyi Hesablama Palatasının rəyində qeyd edilib. Vergi Məcəlləsinə ediləcək dəyişikliklər və digər dəyişiklikləri nəzərə alaraq, vergi və gömrük daxilolmalarında risklərin olmayacağı qənaətindəyik. Hesablama Palatası tərəfindən aparılan təhlillərdə işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində göstərilən xərclər dəstəklənib. 2022-ci ilin dövlət büdcə xərclərini xarakterizə edən növbəti meyl əməyin ödənişi bölməsinin ən böyük göstərici olaraq proqnozlaşdırılmasıdır”. HP sədri deyib ki, digər vacib amil başa çatmamış layihələrin həcmidir: “Belə layihələrin sayı təqribən 207-dir. İcrası yarımçıq qalan layihələrin həcminin onlara ayrılan vəsaitdən dəfələrlə çox olacağı qənaətindəyik. Bu istiqamətdə işlərin görülməsini tövsiyə edirik. Eyni zamanda rəyimizdə büdcə qanunvericiliyində yeni anlayışların da qeyd olunmasını təklif etmişik. İnvestisiya layihələrinin səmərəliliyini qiymətləndirmək üçün sənəd də təqdim edilməyib. Vahid büdcə təsnifatının büdcə planlaşması, büdcə uçotu və onların təhlilinə uyğun gəlməməsinə görə çətinliklər yaranır. Vahid büdcə təsnifatının təkmilləşdirilməsinə ehtiyac var. 

Ötən illərin təcrübəsinə əsaslanaraq dövlət büdcəsinin növbəti proqnozlaşdırılmış kəsrinin daha az məbləğdə olacağını düşünürük”.