Bütün ərzaq məhsulları bahalaşır


Nazirlər büdcənin kəsirlərindən, deputatlar isə xalqın dərdindən danışdılar

Vahid Əhmədov deyib ki, gündəlik tələbat mallarına 18 faiz ƏDV-nin tətbiq edilməsi səhvdir

“Büdcə gəlirlərinin əsasını yenə də neft amili təşkil edib. Bu, indiki mərhələdə riskləri kifayət qədər artıracaq”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədrinin müavini Əli Məsimli deyib.

Deputat bildirib ki, büdcə zərfində kölgə iqtisadiyyatı ilə mübarizənin davam etdirilməsi və ədalətli rəqabətin formalaşdırılması üçün işlərin davam etdiriləcəyi qeyd olunub: “Bəs növbəti 2022-ci ildə bu istiqamətlərdən nə qədər gəlirin daxil olacağı büdcədə niyə qeyd olunmayıb? 2020-ci il müharibə şəraitində icra olunan büdcə ili idi. Amma artıq biz yeni ilə iqtisadi artımın sürətləndiyi bir vəziyyət ilə daxil olmaqdayıq. Orta müddətli xərclər çərçivəsində büdcə ilə bağlı çatışmazlıqların aradan qaldırılması üçün Maliyyə Nazirliyinin əlavə tədbirlər görməsinə ehtiyac var. 

Digər məsələ büdcənin kəsiri ilə bağlıdır. Burada yeni məqam nəzərə alınıb. Büdcənin maliyyələşdirilməsində aktiv borclanma məsələsi zərfdə əksini tapıb. Mən balanslı büdcənin əleyhinə olmuşam. Bu istiqamətdə qiymətli kağızlar bazarının artırılmasının tərəfdarıyam. 2021-ci ildə 3 milyard manatdan artıq kəsir proqnozlaşdırılmışdı. 2022-ci ilin də büdcəsi təqribən ona uyğun olacaq. Büdcənin kəsiri kifayət qədər yuxarı olanda inflyasiya real olur. Əgər vahid xəzinə qalığından gələn vəsait büdcə kəsirini 2022-ci ildə ödəməyə qadirdirsə, niyə kütləvi olaraq borclanmaya gedirik? Əgər büdcənin xərcləri ayrı-ayrı maddələr üzrə bölünübsə, hazırlanan strategiyadan irəli gələn xərclər hansı vəsait hesabına maliyyələşəcək?”. Ə.Məsimli bəyan edib ki, Milli Məclisin büdcəyə nəzarətinin gücləndirilməsi üçün ciddi tədbirlər görülməlidir. 

“Vergi güzəştlərinin strukturuna baxmağa ehtiyac var”

Millət vəkili Vahid Əhmədov vurğulayıb ki, “Dövlət rüsumu haqqında” qanunda çox ciddi dəyişikliklər getməlidir. Onun sözlərinə görə, rüsumların çoxu ərzaq məhsulları ilə bağlıdır. Bu da ümumi bazarda qiymət artımına təsir edir: “Qanunların Milli Məclisdə müzakirəsi zamanı deputatların səsləndirdiyi təkliflər nəzərə alınmalıdır. Büdcəyə vergi və gömrük daxilolmaları xətti ilə çox böyük daxilolmalar gəlir. Dövlətin nəzarətində olan qurumların vergidən və rüsumdan azad olunmasına nə ehtiyac var? Biz uzun illərdir deyirik ki, dövlət qurumlarının çoxu özəlləşdirilməlidir”. Deputat qeyd edib ki, vergi güzəştlərinin strukturuna baxmağa ehtiyac var: “Biz indi dövlət rüsumuna dair qanunu qəbul edəndə qeyd etdik ki, bir sıra dövlət qurumlarına cərimələrdən ayırmalar olur. Buna artıq son verməyin vaxtı çatıb. Cərimələrdən daxil olan vəsaitin hamısı büdcəyə daxil olmalıdır. Büdcənin şəffaflığının təmin edilməsi üçün ciddi addımlar atılmalıdır. Hesab edirəm ki, kölgə iqtisadiyyatının, korrupsiya və rüşvət hallarının aradan qaldırılması üçün Hesablama Palatası daha sərt addımlara getməlidir”.

“Əhalini ən çox narahat edən məsələ qiymət artımıdır”

Vahid Əhmədov gündəlik tələbat mallarına 18 faiz ƏDV tətbiq edilməsinin əleyhinə olduğunu söyləyib: “Dövlət zəmanəti ilə verilən kreditlərin qaytarılması, dövlət tərəfindən ödənilməsinin səbəbləri büdcə zərfində əksini tapmalıdır. Dövlət borcu ilə əlaqədar rəqəmin kəskin azaldılması ondan xəbər verir ki, Prezidentin imzaladığı Fərman uğurla həyata keçirilir. DSMF və İşsizlikdən Sığorta Fondu ilə bağlı Sahil Babayev çıxış etdi. İşsizlikdən Sığorta Fondunun xərclərinə hər il qənaət edilir. Bu vəsaitə niyə qənaət edilir? Bu vəsaiti xərcləmək lazımdır. Bunu nəzərə almağınızı xahiş edirəm. Bu vəsaiti əlillərə, qocalara, xəstələrə xərcləmək lazımdır. Bununla bağlı hansısa qanuna dəyişiklik edilməlidirsə, edək. Bu il ilk dəfə müsbət hal odur ki, Dövlət Neft Fondundan transfertlər azalır. Bu, çox müsbət addımdır”. Deputat qeyd edib ki, peşə təhsilinin inkişaf etdirilməsi üçün ciddi addımlar atılmalıdır: “Digər tərəfdən, burada toxunuldu ki, cari xərclərin artırılması nəzərdə tutulur. Cari xərclərin miqdarı gələn ildə də kifayət qədər artırılır. Büdcə daxilində də dəyişikliklər edilir. Bunun üçün “Büdcə sistemi haqqında” qanunda hədd müəyyən edilməlidir. Əhalini ən çox narahat edən məsələ qiymət artımıdır. Biz maaşları, pensiyaları nə qədər artırsaq da, qiymət artımını qarşılaya bilməyəcəyik. Qiymət siyasətində müəyyən məsələləri həll etməliyik. Digər tərəfdən, bütün məhsullara 18 faiz ƏDV qoyuruq. Gündəlik tələbat mallarına niyə 18 faiz ƏDV tətbiq etməliyik? Beynəlxalq təcrübə var. Bu məsələni bir neçə dəfə qaldırmışıq. Xahiş edirəm bu məsələyə diqqət yetirəsiniz”.

“Yaşayış minimumu və orta aylıq əməkhaqqına yenidən baxılmalıdır”

Millət vəkili Sabir Rüstəmxanlı isə deyib ki, büdcənin müzakirə sistemi dəyişdirilməlidir. Onun fikrincə, komitələrdə müzakirələrlə bağlı ümumi rəy hazırlanmalı və təqdim olunmalıdır: “Dövlət və hökumət nümayəndələrinin, deputatların təkrar çıxışları olmamalıdır. Yanacağın qiymətinin qalxması ilə əlaqədar bütün ərzaq məhsullarının da qiyməti qalxır. Həm yaşayış minimumu, həm də orta aylıq əməkhaqqı məsələsinə yenidən baxılmalıdır”. S.Rüstəmxanlı yeni strukturların yaranmasına da toxunub: “Büdcədən maliyyələşən təşkilatların sayını artırmaqla məşğuluq. Biz bu sayı azaltmalıyıq”.

“Daxili dövlət borcları ilə bağlı ödəniş 232 milyondan çoxdur”

Millət vəkili Qüdrət Həsənquliyev dövlət müəssisələrinin özəlləşdirilməsini təklif edib: “Büdcə sistemi haqqında qanunun 21-ci maddəsinə əsasən, Milli Məclis və Hesablama Palatası büdcə zərfinin icrasına nəzarəti həyata keçirməlidir. Amma faktiki olaraq Milli Məclisin belə səlahiyyəti yoxdur. Beynəlxalq maliyyə institutları büdcə proqnozlarında kənarlaşmaların olmamasını əsas amillərdən biri hesab edirlər. Bizim büdcədə bu qədər fərqin olması başa düşülən deyil. Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların artıq proqnozlaşdırılacağı göstərilir. Burada sözsüz ki, kölgə iqtisadiyyatına qarşı mübarizə, şəffaflıq tədbirləri öz rolunu oynayır. Amma fərqin bu qədər artıq olması anlaşılan deyil. Digər tərəfdən, dövlət borcu ilə bağlı məsələyə də diqqət çəkmək lazımdır. Daxili dövlət borcları ilə bağlı ödəniş 232 milyondan çoxdur. Xarici dövlət borclarını başa düşmək olar. Daxildə isə borclanmanı qiymətli kağızlar bazarına töhfə verəcəyi ilə əlaqələndirmək nəticə verə bilməz. Dövlət müəssisələrindən vergi daxilolmalarının miqdarı çox azdır. Necə olur ki, özəl müəssisələrdən daxilolmalar çox olur, amma dövlət müəssisələrindən daxilolmalar az olur? Ona görə də düşünürəm ki, bu qurumlar özəlləşdirilməlidir. Bu islahatlar dərinləşdirilməlidir. Böyük islahatlara ehtiyac var. Mütləq böyük özəlləşdirməyə getmək lazımdır ki, iqtisadiyyatda rəqabət mühiti güclənsin”.

“Bəzi icra başçılarının xoşagəlməz hərəkətləri nəticəsində yararlı torpaqlar azalıb”

Millət vəkili Ziyad Səmədzadə bildirib ki, Azərbaycanda su ehtiyatları ilə əlaqədar komissiya yaradılıb. Amma yaxşı olar ki, su problemi dərindən təhlil edilsin: “Bir sıra icra başçılarının xoşagəlməz hərəkətləri nəticəsində Azərbaycanda otlaq sahələri, kənd təsərrüfatına yararlı torpaqlar azalıb. Su balansı və məhsulun su tutumu məsələsinə diqqəti artırmalıyıq. Dünyanın bütün ölkələrinin su ehtiyatlarını təhlil edirik, çünki ehtiyatlarımız kənardan gəlir. Kənd təsərrüfatını inkişaf etdirməkdən, əkin sahələrini genişləndirməkdən danışırıq. Su ehtiyatlarımız buna imkan verəcək, ya yox?!”. 

“Dövlət Məşğulluq Agentliyi ilə Dövlət Statistika Komitəsinin rəqəmləri uzlaşmır”

Deputat Erkin Qədirli qeyd edib ki, dövlət müəssisələrində vergi daxiolmalarında bu il azalma olub. İri dövlət şirkətləri dövlət büdcəsinə dividend ödəməyə maraq göstərmir: “Onlar bazarda özlərinə rəqib görmürlər. Bu, xidmətin qiymətinə də təsir göstərir. Ümumiyyətlə, xidmətin keyfiyyəti qiymətlə uzlaşmır. Maliyyə Nazirliyi bununla bağlı strateji baxış hazırlayırmı? Özəlləşdirmə ilə bağlı işlərə nə vaxt gediləcək? Hesabatda göstərilib ki, Azərbaycan dəmir yollarının 22 min işçisi var və audit şirkəti bunu 6 minə endirməyi təklif edir. Bu isə nə qədər işçinin işsiz qalmasına səbəb olacaq. Dövlət Məşğulluq Agentliyinin rəqəmləri ilə Dövlət Statistika Komitəsinin rəqəmləri uzlaşmır. Bu da hesablamalara çox böyük təsir edir. Bu rəqəmlərin uyğunlaşdırılması ilə bağlı işlər görülməlidir.