“Fitch”: “Bu il Azərbaycan iqtisadiyyatı 4,9 %, gələn il isə 2,9 % artacaq”


“Fitch Ratings” reytinq agentliyinin son proqnozuna görə, bu il Azərbaycan iqtisadiyyatı 4,9 %, 2022-ci ildə isə 2,9 % artacaq.

APA-nın agentliyə istinadən verdiyi məlumata görə, artımın əsas drayverləri kimi, qeyri-neft sektorunun bərpası və COVID-19 pandemiyasına qarşı vaksinasiyanın sürətlənməsi göstərilir.

Uzunmüddətli proqnozlara gəldikdə, 2023-cü ildə real ÜDM-in 2,3 %-lik artımı proqnozlaşdırılır.

Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin real ÜDM üzrə proqnozlarına görə neftin bir barelinin ortaillik qiyməti 50 ABŞ dolları götürülməklə hazırlanmış makroiqtisadi proqnoz göstəricilərinə əsasən, cari ildə Azərbaycanda real ÜDM 5,1 % artacaq. 2022-ci il üçün isə ÜDM-in real artımının 3,9 % olacağı proqnozlaşdırılır.

Xatırladaq ki, 2020-ci ölkədə real ÜDM 4,3 % azalıb. 2019-cu ildə Azərbaycanda nominal ÜDM istehsalı 81 milyard 681 milyon manat təşkil edib, real ÜDM-in artım tempi isə 2,2 % olub.