Baş bankir etiraf etdi


Bitki yağının, taxıl məhsullarının qiyməti sürətlə artıb

Elman Rüstəmov: "Gələn il iqtisadiyyatın əsas hədəfi inflyasiyanı hədəf trayektoriyaya qaytarmaq olacaq. Bütövlükdə ərzaq inflyasiyasına diqqət artırılmalıdır"

Dünən Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib. “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə edildiyi iclasda Baş nazir Əli Əsədov və nazirlər iştirak ediblər. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, komitələrdə aparılan geniş müzakirələr zamanı 5 sualın cavabını tapmağa çalışıblar: “26,8 milyard manat gəlir və 29 milyarddan çox xərc ilə 2022-ci il dövlət büdcəsinin qarşıda duran hədəflərə nail olmağa qadir olduğunu deyə bilərik. Büdcədə orta aylıq əməkhaqqı, o cümlədən neftin qiyməti ilə bağlı proqnozların real proqnozlar olduğunu düşünürük. Gələn il əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin sərəncamını təmin etmək üçün büdcədə nəzərdə tutulan vəsait 1,6 milyon insanı əhatə edəcək. Digər tərəfdən, cari ildə inflyasiyanın sürətlənməsini müşahidə edirik. Bunun qarşısını almaq üçün bu istiqamətdə müəyyən edilən pul-kredit sistemində konturları doğru hesab edirik”.

“Prioritetlərdən biri azad olunmuş ərazilərin iqtisadiyyata reinteqrasiya edilməsidir”

Maliyyə naziri Samir Şərifov deyib ki, mənfur düşmənin darmadağın etdiyi ərazilərimizə yeni nəfəs verilir, yeni avtomobil yolları, dəmiryolları çəkilir, mədəniyyət abidələri bərpa edilir. Nazir bildirib ki, ölkəmizin sosial-iqtisadi inkişafına dair Prezident İlham Əliyevin müəyyən etdiyi 5 milli inkişaf prioritetlərindən biri işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiya edilməsidir: “Növbəti ilin dövlət və icmal büdcələrinin gəlir və xərcləri müəyyənləşdirilərkən cari ilin təsdiq edilmiş büdcənin icra vəziyyətinə də baxılıb. 2022-ci ilin dövlət büdcəsi əhalinin rifah halının yaxşılaşdırılması, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış və bərpa layihələrinin həyata keçirilməsi üçün şərait yaradacaq”. Samir Şərifov bəyan edib ki, növbəti il aztəminatlı ailələrə ünvanlı sosial yardım üçün 208 milyon manat vəsait nəzərdə tutulur: “Gələn ilin dövlət büdcəsində 20 il qüsursuz xidmət etmiş hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması üçün də vəsait nəzərdə tutulur. Eyni zamanda əhalinin mənzilə olan tələbatını qarşılamaq üçün ipotekaya ayrılan vəsaitin cari illə müqayisədə 34 faiz artırılması nəzərdə tutulur. Əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını daha da artırmaq üçün bu ildən tətbiq olunan Tələbə Kredit Fondunun nizamnaməsi gələn il 102 milyon manata çatdırılacaq. Növbəti ilin dövlət büdcəsi hesabına kadr hazırlığının maliyyələşdirilməsində güzəştli kateqoriya hesab edilən gənclərin maliyyələşdirilməsi üçün 38 milyon manat ayrılacaq”.

“Azərbaycan yeni iqtisadi dövrə qədəm qoyur”

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, hazırda Azərbaycan 2022-2030-cu illəri əhatə edən yeni iqtisadi dövrə qədəm qoyur. Nazir deyib ki, qarşımızda bununla bağlı yeni çağırışlar durur: “Bununla bağlı 2022-2026-ci illər üzrə yeni inkişaf strategiyasının hazırlanması üçün Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və müvafiq qurumlar arasında məhsuldar müzakirələr keçirilib. Bu müzakirələr nəticəsində qarşıdakı çağırışları özündə əhatə edən ilkin büdcə çərçivəsi formalaşmaqdadır. Bundan başqa, növbəti ilin büdcə layihəsi ölkədə sosial layihələrin həyata keçirilməsini özündə əhatə edir. Bütün bunlar, dünya bazarında baş verən artımlar əhalinin mövcud durumuna təsirlərinin azaldılmasına yönəldilib”. M.Cabbarov bəyan edib ki, başlıca çağırış neftdən asılılığı sıfıra endirməkdir: “Prezident İlham Əliyevin sərəncamı ilə 2022-2030-cu illər üzrə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası təsdiq olunub. Bunun üçün 5 milli prioritet müəyyənləşdirilib. Ölkə qarşısında yeni iqtisadi çağırışlar dayanmaqdadır. Başlıca çağırış neftdən asılılığı sıfıra endirməkdir. Ölkə iqtisadiyyatında 4 başlıca təməl dəyişiklik baş verəcək. İqtisadiyyatda fəaliyyət mühiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq. İnsan kapitalının davamlı inkişafı, rəqəmsal ideyaların tətbiqi üçün geniş şərait yaradılacaq. Strategiyanın artıq başlıca istiqamətləri formalaşdırılıb. Strategiya layihəsində 70-dək strateji alt başlıq layihəsi üzrə 839-dək strateji dəyişiklik edilməsi nəzərdə tutulub”. M.Cabbarov qeyd edib ki, növbəti ildə 2021-ci ilə nisbətən ölkədə investisiya fəallığının artması gözlənilir: “Genişmiqyaslı sosial proqramların həyata keçirilməsi, əmək bazarında şəffaflaşmanın təmin edilməsi şəraitində orta ayıq əməkhaqqının 807 manata çatması gözlənilir. İqtisadi fəaliyyət tamamilə yeni keyfiyyət üzərində formalaşacaq”.

“Qlobal inflyasiyanın yayılma prosesi pandemiyanın göstəricisidir”

Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib ki, qlobal inflyasiyanın yayılma prosesi pandemiyanın göstəricisidir: “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında hazırlanmış anti-böhran proqramı 2020-ci ildə iqtisadi tənəzzülün qarşısını alıb və 2021-ci ildə iqtisadi artıma səbəb olub. Tikinti sahəsi istisna olmaqla, cari ildə bütün sahələrdə artım müşahidə edilib”. AMB sədri bildirib ki, qlobal ticarətdə qırılmalar, pandemiya ilə əlaqədar işçi qüvvəsinin çatışmazlığı yaşanır: “Proqnozlara görə, qlobal əmək bazarı pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq. Qlobal işsizlik səviyyəsinin 2021-ci ilin sonuna kimi isə 206 milyon nəfərə yüksəlməsi gözlənilir. Bitki yağının, taxıl məhsullarının qiyməti sürətlə yüksəlib. Buna qlobal tələbatın, yanacaq, gübrə və logistika xərclərinin artması təsir edib. İqtisadiyyatda inflyasiya gözləntiləri məqbul səviyyədə lövbərlənib. Son illər inflyasiyanın hədəflənməsi rejimi ilə bağlı çox işlər görülüb. Biz bu işlərin son mərhələsinə keçmişik. Hesab edirik ki, inflyasiyanın önlənməsi rejiminə keçid inflyasiyanın faiz göstəricilərinə təsir göstərəcək. Gələn il iqtisadiyyatın əsas hədəfi inflyasiyanı hədəf trayektoriyaya qaytarmaq olacaq. Bütövlükdə ərzaq inflyasiyasına diqqət artırılmalıdır”.

“Gələn il Azərbaycanda inflyasiya 4,3 faizə qədər yavaşlayacaq”

Elman Rüstəmov bəyan edib ki, istehlak kreditləşməsinin fəallığı sələmçiliyə mane olan əsas göstəricidir: “Son iki ildə vaxtı keçmiş kreditlər 10 faizdən 5 faizədək azalıb. İstehlak kreditləşməsi də artıb. Buna bizdə ikili yanaşma var. İstehlak kreditləşməsinin fəallığı sələmçilik kimi kölgə iqtisadiyyatına mane olan əsas göstəricidir. Bütövlükdə istehlak kreditləri üzrə orta faizlərdə azalma müşahidə edilir. Bunu biznes kreditlərinə də aid etmək olar”. AMB sədri bildirib ki, bu ekosistemdə ciddi işlərin görülməsinə ehtiyac var: “Əhalinin ərzaq təhlükəsizliyini təmin etmək üçün burada əsas şərt azad rəqabəti təmin etməkdir. Qiymət artımına təsir edən təbii amillər var. Amma süni qiymət artımı rəqabət rejimində olan problemlərlə bağlıdır. Biz burada azad rəqabəti təmin etməliyik. 2022-ci il dövlət büdcəsi layihəsinə Mərkəzi Bankın yeganə qeydi büdcə kəsiri və onun maliyyələşməsi strukturu ilə bağlıdır. Nəzərdə tutulan büdcə kəsirinin 40 faizdən yuxarısının vahid xəzinə hesabının qalığı hesabına maliyyələşməsi proqnozlaşdırılan makroiqtisadi hədəflərə və ilk növbədə inflyasiya hədəflərinə nail olmağa mane ola bilər”. 

“Dövlət satınalmaları ilə bağlı yeni hüquqi bazanın formalaşdırılmasına ehtiyac var”

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, 2018-ci ildə vahid büdcə təsnifatının təkmilləşməsi ilə bağlı ciddi addımlar atılıb: “Bununla belə bəzi istiqamətlər üzrə uyğunsuzluqların olması büdcə uçotuna mane olur. Büdcə təsnifatının təkmilləşməsinə ehtiyac var. Dövlət müəssisələrinə ayrılan subsidiyaların nəticəli və effektiv olmasını təmin etmək məqsədilə yeni proqram formalaşdırılmalıdır. Dövlət borcu və zəmanəti üzrə öhdəliklər təminat fondu ilə bağlıdır. Dövlət vəsaiti fondun formalaşmasında iştirak edir. Bu fondun növbəti illərdə funksiyalarının yenidən müəyyənləşdirilməsinə ehtiyac var. Son illər İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə rəqabətin artırılması ilə bağlı tədbirlər həyata keçirilir. Təkmil satınalma mexanizmləri yaradılmalıdır. Dövlət satınalmaları ilə bağlı müasir çağırışlara cavab verən yeni hüquqi bazanın formalaşdırılmasına və şəffaf satınalma saytının yaradılmasına da ehtiyac var”.