Detallarla bağlı danışıqlar gedir

Dünya Bankı da Qarabağın quruculuğunda maraqlıdır

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 18-də Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerdenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə gələn il Azərbaycan ilə Dünya Bankı arasında tərəfdaşlığın qurulmasının 30 illiyinin qeyd olunacağı bildirilərək ötən müddət ərzində müxtəlif istiqamətlərdə birgə uğurlu layihələrin həyata keçirildiyi qeyd olunub. 

Baş nazir Ə.Əsədov Azərbaycanın Dünya Bankı ilə əməkdaşlıqdan məmnun olduğunu və əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.

Anna Byerden bildirib ki, ötən illər ərzində Azərbaycan aşağı gəlirli ölkədən yüksək gəlirli donor ölkəyə çevrilib. O, habelə Azərbaycanda peyvəndlənmənin yaxşı səviyyəyə malik olduğunu qeyd edərək bu sahədə fəaliyyətin uğurlu olduğunu deyib. A.Byerden 2021-ci ildə Azərbaycan iqtisadiyyatında artımın müşahidə olunmasının da yaxşı göstərici olduğunu vurğulayıb.

Görüşdə Dünya Bankının hazırlanmaqda olan Azərbaycana dair yeni Ölkə Tərəfdaşlıq Çərçivə sənədi, Bankın Azərbaycanın “2022-2026-cı illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsində və işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı, Dünya Bankının və onun strukturuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanın özəl sektoru ilə əməkdaşlığının genişləndirilməsi, həmçinin Bank ilə ölkəmiz arasında kənd təsərrüfatı, rəqəmsal inkişaf, bərpa olunan enerji mənbələri və bir çox digər sahələrdə tərəfdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

Sonda Azərbaycan Respublikasında ofislərin qurulması və fəaliyyətinə dair Azərbaycan Respublikası və Dünya Bankı Qrupu Təşkilatları arasında yeni Saziş imzalanıb. Sazişi Azərbaycan Respublikasının Maliyyə naziri Samir Şərifov və Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerde imzalayıblar.

 Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Şərq”ə açıqlamasında bildirib ki, müxtəlif  beynəlxalq maliyyə institutları, o cümlədən Dünya Bankı Azərbaycanla uzun illərdir ki, səmərəli əməkdaşlığa malikdirlər. Ekspert qeyd edib ki, işğaldan azad olunmuş torpaqlarda da Dünya Bankının müxtəlif layihələrdə, əsasən də infrastruktur layihələrdə iştirakı mümkündür:

 “Çox güman ki, bununla bağlı danışıqlar da gedir. Sadəcə, Ümumdünya Bankı və bu tip maliyyə institutları hansısa bir layihələrə maliyyə ayırarkən, o layihələrin icrasına nəzarət mexanizmlərinin də öncədən hazır olmasını istəyirlər. Ola bilər ki, bu detallarla bağlı Azərbaycan hökuməti ilə müəyyən danışıqlar gedir. Çox güman ki, infrastruktur layihələri olacaq. Çünki Dünya Bankı, Beynəlxalq Valyuta Fondu struktur layihələrində maraqlıdırlar və bu iştirakda yeni texnologiyaların tətbiqi, yeni ideyaların tətbiqi istiqamətində Dünya Bankının iştirakı bu məsələlərdə də yardımçı ola bilər”.