Avropa İttifaqı da Qarabağın quruculuğuna qoşulsa, qaydış sürətlənər - Ekspert

“Qarabağda hazırda intensiv sürətdə yenidənqurma işləri gedir”. 

Bu sözləri  “Şərq”ə açıqlamasında  beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov deyib. Analitik vurğulayıb ki,  ermənilər 30 il ərzində daşı-daş üstünə qoymayıblar: 

“Orda nə infrastruktur, nə enerji təchizatı, nə də su təchizatı var idi. Bu baxımdan Qarabağın qısa zamanda bərpası üçün sözsüz ki,  xaricdən investisiyanın cəlb olunması, xarici dövlətlərin və şirkətlərin bu prosesə cəlb edilməsi çox vacibdir. Hazırda bölgədəki quruculuq işlərinə Türkiyə, İtaliya və İsrail şirkətləri qoşulublar, amma nə qədər çox şirkət Qarabağa investisiya qoyarsa, bir o qədər də tez bərpa işləri tamamlanar. Bununla da, regionun özündə işlər qısa zaman ərzində yekunlaşar, habelə, bu da keçmiş məcburi köçkünlərimizin tez bir zamanda öz yurd-yuvalarına qayıtmasına gətirib çıxarda bilər. Bu baxımdan Avropa İttifaqı da xüsusi önəm daşıyır. Avropa İttifaqı biz bilirik ki, birinci növbədə iqtisadi təşkilatdır. Avropa İttifaqı yaranandan daimi bu tip layihələrə investisiya yatırır. Nəzərə alaq ki, Avropa İttifaqı  hazırda dünyada ümumdaxili məhsulun həcminə görə birinci yerdə olan bir iqdisadi gücdür. Avropa İttifaqında Almaniya, Fransa, İtaliya kimi iqtisadi cəhətdən güclü dövlətlər yer alır. Onların təcrübəsindən və investisiyalarından yararlanmaq sözsüz ki, Azərbaycana dividentlər verər və Qarabağın qısa zamanda bərpasına öz töhfəsiniə kömək vermiş olar”.