Türk lirəsi az qala hər gün dəyərdən düşür

Ekspert: "Əgər bu proses qalıcı olsa, bir müddətdən sonra az da olsa qiymətlərdə ucuzlaşma hiss edə bilərik"


Türkiyə lirəsi son vaxtlar ən ağır günlərini yaşayır. ABŞ dollarının türk lirəsinə nisbətən məzənnəsi bugünkü ticarət sessiyasında rekord səviyyəsinə yaxınlaşıb.
 Təcrübə göstərir ki, “siyasət və iqtisadiyyat arasındakı əlaqə necədir” sualına düzgün cavab tapan ölkələr həmişə rifaha qovuşur. Bu halda siyasət iqtisadiyyata xidmət etməlidir, iqtisadiyyat siyasətə deyil. İkinci hal olduqda iqtisadiyyat ağır bədəl ödəyir.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Şərq”ə açıqlamasında bildirib ki, türk lirəsinin dəyərdən düşməsi təbii ki, Türkiyədən  ölkəmizə mal idxalını stimullaşdıracaq. Ekspertin sözlərinə görə, qiymətlərin dəyişməsi isə bu prosesin nə qədər uzun sürəcəyindən asılı olacaq: 

“Əgər bu proses qalıcı olsa, bir müddətdən sonra az da olsa qiymətlərdə ucuzlaşma hiss edə bilərik. Sadəcə burada bir önəmli məsələ var ki, Türkiyənin özündə də qiymətlər artır. İnflyasiya kifayət qədər sürətlə gedir və rəsmi rəqəmlərdə 20 faizdir. Ona görə də mal və məhsulların qiymətində də bahalaşma olur. Türk lirəsinin dəyərdən düşməsi bir çox hallarda daxili problemlərdən qaynaqlanır. Mərkəzi Bankın müstəqilliyini itirməsi, faiz, uçot dərəcəsinin aşağı salınması, bütün bunlar da türk lirəsinə ciddi təsir göstərir. Bundan başqa, turizmlə bağlı problemlərin iki ildir ki, davam etməsi ölkəyə valyuta axınını da xeyli azaldıb”.