Özəl sektora açıq-aşkar ayrı-seçkilik var


İqtisadçı deyib ki, Tarif Şurasının qərarı bunu göstərir
 “Hökumət alternativ enerji sektoruna sərmayə cəlb olunmasında maraqlı olduğunu bəyan edir, amma tarif siyasətində özəl sektora münasibətdə açıq-aşkar ayrı-seçkilik var”.
Bu sözləri iqtisadçı Rövşən Ağayev deyib. Onun sözlərinə görə,  Tarif Şurasının elektrik enerjisi ilə bağlı 16 oktyabr 2021-ci il qərarı bunu aydın göstərir: “2016-cı ilin sonunda özəl kiçik su elektrik stansiyaları və külək elektrik stansiyalarından hər kilovat-saat enerjinin alış qiyməti 5 və 5,5 qəpik müəyyən edilib. Həmin qiymətlər olduğu kimi qalır, amma 2021-ci il noyabrın 1-dən dövlətin inhisarında olan istehsal müəssisələri üzrə alış qiymətində 20 faizlik, əhaliyə pərakəndə satışı həyata keçirən enerji satışı müəssisələri üçün isə az qala 30 faizlik bir artıma gedilib. Doğrudur, Azərbaycanda külək və su-elektrik stansiyalarının özəl sektora məxsusluğu demək olar ki, yox səviyyədədir. Amma məsələ münasibət və davranışdadır. Çox güman, sərmayəçilər də bunu izləməmiş deyil. Son 5 ildə baş verən xərc inflyasiyasının miqyasına baxmaq kifayətdir. Dövlətə məxsus enerji şirkətləri məhz bunu əsas götürüb tarif dəyənəyini həmişə istehlakçının baş üzərində hazır saxlayırlar. Tarif Şurasının 16 oktyabr 2021-ci il qərarı ilə əhalinin ayda 200 kilovat-saatadək (200 kilovat-saat daxil) elektrik enerjisi işlədən hissəsi üçün hər kilovat-saata görə 8 qəpik, 200 kilovat-saatdan 300 kilovat-saatadək (300 kilovat-saat daxil) elektrik enerjisi işlədən hissəsi üçün hər kilovat-saata görə 9 qəpik, 300 kilovat-saatdan çox elektrik enerjisi işlədən hissəsi üçün hər kilovat-saata görə 13 qəpik qiymət müəyyən edilib, həmçinin  qeyri-əhali qruplarına satılan elektrik enerjisinin qiymətləri artırılıb”.