Türkmən qazı Avropa bazarına ayaq açır

Bakının strateji gedişi ölkəmizə xeyli dividendlər gətirəcək

"Türkmən qazına “çıxış” tapan Bakının “qaz müharibələri”ndə əli güclənəcək. Bu gediş Transxəzər layihəsinə siyasi dəstəyi artıra bilər. İkinci məqam isə odur ki, İranla yeni səhifə açılır. Tehranın regionda tranzit imkanı artır və bu, İranı Azərbaycanla işləməkdə maraqlı edir"

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən XV Zirvə Toplantısı maraqlı müzakirələr və görüntülərlə yadda qaldı. Toplantı çərçivəsində təşkilatdaxili məsələlərin müzakirəsi ilə yanaşı, iştirakçı dövlətlər arasında baş tutan görüşlər də diqqət çəkdi. Bu sırada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran rəhbəri İbrahim Rəisi, Pakistan dövlət başçısı Arif-ur-Rehman Alvinin səmimi söhbətlərini əks etdirən şəkillər maraq yaratdı. 

Noyabrın 28-də Aşqabadda Prezident İlham Əliyevin İran İslam Respublikasının rəhbəri Seyid İbrahim Rəisi ilə əlahiddə görüşü xüsusi önəm daşıyır. İkitərəfli görüş zamanı Azərbaycanla İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu. 

Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanları vurğulandı. Ən əsası isə Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair müqavilə imzalandı. Müqaviləyə əsasən, il ərzində Türkmənistandan Azərbaycana İran üzərindən 1,5-2 milyard kubmetr qaz nəql olunacaq. Prezident İlham Əliyev vurğulayıb ki, bundan sonra İranla əlaqələr bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək: 

“Sənəd imzalandı, bunun da çox böyük əhəmiyyəti var. Bu, tarixi sənəddir. Bir daha İran-Azərbaycan əlaqələrinin nə qədər dərin olmasından xəbər verir. Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq. Bu, üçtərəfli əməkdaşlıq üçün çox gözəl zəmindir və bizim niyyətimizi göstərir. İmzalanmış bu sənədin iqtisadi və enerji təhlükəsizliyi baxımından da çox böyük önəmi var. Dost kimi, qardaş kimi İran-Azərbaycan əlaqələri haqqında fikir mübadiləsi apardıq. Bu gün müzakirə olunan məsələlər bir daha onu göstərir ki, İran-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir”. 

İran Prezidenti Seyid İbrahim Rəisi də öz növbəsində vurğulayıb ki, Qarabağ məsələsinə münasibətdə də Tehranın mövqeyi şəffaf və birmənalı idi: “İranda İslam İnqilabının ali rəhbərindən tutmuş, dövlət strukturlarındakı bütün məmurlarının hamısının mövqeyi bundan ibarət idi ki, Azərbaycanın ərazi bütövlüyünə xələl gətirilməməlidir: 

“Əminik ki, Azərbaycan baş nazirinin müavininin və Azərbaycan xarici işlər nazirinin iranlı həmkarları ilə apardıqları danışıqlar, müzakirələr ölkələrimizin münasibətlərini daha da dərinləşdirəcək, irəliyə aparacaq və əlaqələrimiz möhkəmlənəcək”. 
İran hökumətinin sözçüsü Əli Bahadori də bildirib ki, İran, Azərbaycan və Türkmənistan arasındakı üçtərəfli müqavilə İranın 5 vilayətini qazla təmin edəcək. Bahadori qeyd edib ki, qonşulara xüsusi diqqətlə beynəlxalq münasibətlər sahəsi artıq bir neçə konkret ölkə ilə məhdudlaşmır.
Politoloqlara görə, prezidentlərin görüşü Tehran hökuməti ilə yeni əməkdaşlıq mərhələsinin başlanmasıdır. 

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə açıqlamasında bildirib ki, 2 milyard kubmetr qaz beynəlxalq qaz bazarı üçün o qədər də böyük olmasa da, burada Bakının strateji gedişi xüsusilə diqqət çəkir. Analitikin qənaətincə, müqaviləyə əsasən türkmən qazı Avropa bazarına ayaq açır: 

“Bu, uzun illərdir Rusiya və Çin bazarından asılı qalan Türkmənistanın Avropa bazarına ilk addımı hesab edilə bilər. Bakı Transxəzər layihəsinin gerçəkləşməsinə qədər Aşqabada qaz bazarını şaxələndirmək imkanı yaradır. Türk Dövlətləri Təşkilatına yeni qoşulan Türkmənistan bu çətir altında fəaliyyətini daha da stimullaşdıracaq. Türkmən qazına “çıxış” tapan Bakının “qaz müharibələri”ndə əli güclənəcək. Bu gediş Transxəzər layihəsinə siyasi dəstəyi artıra bilər. İkinci məqam isə odur ki, İranla yeni səhifə açılır. Tehranın regionda tranzit imkanı artır və bu, İranı Azərbaycanla işləməkdə maraqlı edir. İrana yeni imkanın yaradılması bu ölkənin Ermənistan siyasətinin tamamilə dəyişməsi demək deyil. Hərçənd, Tehranı regionda müharibədən sonrakı vəziyyəti qəbul etməyə, Zəngəzur dəhlizinə münasibətini dəyişdirməyə, 3+3 formatına qoşulmağa da sövq edir. Beləliklə, Azərbaycan bir sazişlə iki nəticəni əldə edir”. 

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov da qeyd edib ki, Türkmənistan-Azərbaycan-İran arasında enerji sahəsində imzalanan saziş rəsmi Bakıya xeyli dividendlər gətirəcək. Politoloqa görə, məsələnin dörd əsas cəhəti mövcuddur: “Birincisi odur ki, sazişdə 2 milyard kubmetr türkmən qazının İran vasitəsilə Azərbaycana çatdırılması nəzərdə tutulur. Bu, çox böyük rəqəmdir. Müqayisə üçün deyim ki, bu il Qərbə təxminən 5 milyard kubmetr qaz ixrac etmişik. İkincisi, sözügedən saziş faktiki olaraq “Cənub-Şimal” və “Cənub-Qərb” tranzit xəttinin yenidən Azərbaycan üzərindən canlanmasıdır. Üçüncüsü, bu sazişlə İran və Azərbaycan geosiyasi ziddiyyətləri kənara qoyaraq iki tərəfin də maraqlarına cavab verəcək. Onları iqtisadi-siyasi sahədə yaxınlaşdıracaq yeni layihələrə start verirlər. Erməni ekspertlərinin dünəndən etibarən narahatlıq keçirmələri heç də təsadüf deyil. İndi Paşinyan “Cənub-Şimal” və “Cənub-Qərb” xəttinin Azərbaycanın kurasiyasında olduğunu daha yaxşı anlayacaq. Əgər rəsmi İrəvan Zəngəzur dəhlizini açsa, o da dividendlər əldə edə biləcək”.