Rahat və gözəldir...

Amma nədənsə, Azərbaycanda hələ də gəmi səyahəti reallaşmır

"Kruiz səyahət növünün bir çox üstünlükləri var. Bu, böyük gəlir gətirən sahədir"

Rusiya ilə kruiz əlaqələrinə Xəzəryanı dövlətləri də cəlb etmək olar, o zaman marşrut da genişlənər. Qazaxıstan, Türkmənistan, İran da bu əlaqələrə qoşulsa, daha geniş imkanlar yaranacaq

Azərbaycanla Rusiya arasında kruiz əlaqəsinin açılması böyük potensiala malikdir. Bunu Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin deyib. "Fikrimizcə, Azərabycanla Rusiya, xüsusilə də Həştərxan vilayəti arasında kruiz əlaqəsinin mümkün açılışı böyük potensiala malikdir, belə ki, biz bu məsələni Xəzəryanı tərəfdaşlarımızla iki ildir müzakirə edirik" - deyə o, bildirib. 

Qubernator xatırladıb ki, ilk dəfə bu fikir Türkmənistanda birinci Xəzər beynəlxalq iqtisadi forumunda səsləndirilib. "Bu kruiz əlaqəsinin açılışının flaqmanı "Böyük Pyotr" "çay-dəniz" tipli teploxod ola bilər", - İ.Babuşkin deyib.

İqtisadçı Fuad İbrahimov  “Şərq”ə açıqlamasında “kruiz”i turizmdə ən əlverişli səyahət növü adlandırdı:

- Təsəvvür edin ki, bir gəmi ilə bəlli bir qiymətə 6-7 ölkəyə səfər edilir. Mən indiyədək 15 dəfə açıq okeanda səyahət etmişəm. Və sizə deyim ki, gəmi səyahəti digər heç bir səyahət növü ilə müqayisəyəgəlməz dərəcədə gözəldir, rahatdır. Həm də sərfəlidir. Gəmi səyahəti barədə turizm sektorunda çalışanlarla dəfələrlə söhbətimiz olub. Amma nədənsə, bizdə hələ də bu səyahət növü reallaşmır. Halbuki, bunun üçün Rusiya ilə yanaşı Azərbaycanın da imkanları var. Düzdür, Rusiyanın imkanları daha genişdir. Hələ sovet vaxtında Volqa çayı boyunca gəmi səyahətləri təşkil olunurdu. Kruiz səyahət növünün bir çox üstünlükləri var. Bu, böyük gəlir gətirən sahədir. Rusiya ilə Azərbaycan arasında kruiz əlaqəsinin açılması – yəni gəmi ilə səyahət marşrutu açılsa, ilk növbədə bu, bölgələrin inkişafına böyük təkan verəcək. Kruiz 3 istiqamətdə təşkil oluna bilər; Şimal bölgəsi – Quba, Qusar, Xaçmaz, mərkəzi bölgə - Sumqayıt, Bakı, Salyan, Neftçala və cənub bölgəsi  Lənkəran, Masallı.  Təsəvvür edin ki, gəmi səhər  saatlarında limana yan alır və bir dəfəyə əraziyə 300-500 turist axın edir. Bu, iaşə obyektlərini də dirçəldəcək, muzeyləri, suvenir satışını da. Turistlər nəsə almaq istəyir, hədiyyə, suvenir həvəsində olurlar. Tarixi yerləri gəzirlər. Ölkəmizi, tariximizi tanıdırıq, həm də gəlir əldə edirik. Görün, ölkəyə nə qədər kapital axını baş verəcək. Həmçinin kruiz əlaqələri üçün limanlar da uyğun olmalıdır. Bu da o deməkdir ki, gəmiçilik də inkişaf edəcək, limanlar da müasir standartlara uyğunlaşacaq.  

F.İbrahimov qeyd etdi ki, kruiz səyahət növünün qiymətləri baha olmamalıdır:

- Onu deyim ki, nəhəng laynerlərin Xəzər dənizində üzmək imkanı yoxdur. Məsələn, dünya dənizlərində, okeanlarda üzən laynerlərlə kruiz səyahətinin qiyməti maksimum 900-1200 avro arasındadır. Amma bu laynerlərdə gün ərzində 3 dəfə yemək verilir, hər gün də bir Avropa şəhərində dayanır. Bir gün Amsterdam, bir gün Kopenhagen, bir gün Oslo... Rusiya ilə kruiz əlaqələrinə Xəzəryanı dövlətləri də cəlb etmək olar, o zaman marşrut da genişlənər. Qazaxıstan, Türkmənistan, İran da bu əlaqələrə qoşulsa, daha geniş imkanlar yaranacaq. Amma hələlik biz Rusiya ilə kruiz əlaqələrinin tezliklə açılmasına çalışmalıyıq. Çünki bu, Azərbaycan üçün sərfəlidir. Qiymətlərsə 500-600 manatı aşmamalıdır. Qiymətlər baha olsa, turist sayı da az olacaq.