Piştaxtanın arxasındakı tacirlərdir

Bayram yarmarkaları səmərəsizdir, heç lazım da deyil

O bazarlarda kəndçinin, fermerin özü olardısa, hardasa effektini düşünmək olardı

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 20-30 dekabr tarixlərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə "Kənddən Şəhərə" Yeni il yarmarkası təşkil olunacaq.
Yarmarka Bakı və Abşeron ərazisində 3 fərqli ünvanda baş tutacaq. Yarmarkada əvvəlcədən qeydiyyatdan keçmiş 100-ə yaxın fermer kənd təsərrüfatı məhsullarının satışını həyata keçirəcək.
Yarmarkanın təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və bayram ərəfəsində şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını təbii məhsullarla dolğun şəkildə qarşılamaqdır.
Ötən dövr ərzində ölkədə bir çox sahədə baş verən qiymət artımları, intensiv bahalaşma yarmarkalardan da yan keçməyəcək.
Bəs, ekspertlər nə düşünür?
Mövzu ilə bağlı “Şərq”ə danışan iqtisadçı Xalid Kərimli bildirib ki, işin təşkili və məhsulların çeşidi baxımından ciddi fərqlənmə olmayacaq: 
“Qiymətlər bazardakı qiymətlərdən bir qədər aşağı olsa da, ancaq təbii ki, artırılmış formada olacaq. Çünki bu bahalaşma ilə yarmarkalarda qiymətləri hansısa formada keçənilki qiymətlərə qaytarmaq mümkün deyil. 
Yəni qiymətlər yüksəlib. Bu qiymətləri ancaq dövlət büdcəsindən subsidiyalaşma ilə geri qaytarmaq ola bilər ki, bu da effektiv mexanizm deyil. Yəni bu, həll yolu deyil, mümkünsüz yoldur. 
Ona görə də yarmarkalarda ötən illərlə müqayisədə biz qiymət artımını müşahidə edəcəyik və kifayət qədər bazardakı artımlara proporsional olacaq. Ancaq bazarlardan cüzi fərqlənmə ola bilər. Bunun da əsas səbəbi icarə xərcləridir. Yəni yarmarka təşkilinin vaxtı verilmir və yaxud da hökumət büdcədən maliyyələşdirməklə daşıma həyata keçirir. Yəni onların qənaəti formasında olacaq və bu aksiya qiymətlərin ümumi səviyyəsinə ciddi təsir etməyəcək”.
Ekspert bu cür yarmarkaların təşkilini səmərəsiz fəaliyyət adlandırıb: 
“Ümumiyyətlə, yarmarkaların bu formada təşkili müvəqqəti xarakter daşıyır və səmərəsizdir. Hazırda dövlət nə ilə məşğul olur?! Bazarda kirayə pulu ilə əlaqədar və daşıma xərclərinin subsidiyalaşdıraraq bu və ya digər formada digər sahibkarlarla rəqabət aparır. Hansı ki, onlar da kiçik sahibkarlardır. Bunun özü işin səmərəsiz təşkilidir. 

Bu yarmarkalar problemin real həllində çox sadəcə dekorasiyadır. Yəni dekorativ surətdə guya qiymətlərlə mübarizə üsuludur. 
Əslində bu formada qiymətlərlə mübarizə real deyil. Daşıma xərcində və yaxud yerlərdəki kirayə haqları sahibkarlığa mane olur. Yəni dövlət bununla sahibkarlarla mübarizə aparır ki, bu da doğru deyil. 
Təbii ki, nəzərdə tutulduğu kimi yarmarkalarda kəndçinin, fermerin özü olardısa, haradasa fikirləşmək olardı ki, bu öz məqsədinə çatır. Yalnız diqqətli müşahidələr aparsaq görəcəyik ki, o yarmarkalarda iştirak edənlər də elə tacirlərdir. Onlar bazarda oturmurlar. İcra hakimiyyətinin təşəbbüsü ilə gəlirlər, yarmarkada oturub bir neçə günü yola verib çıxıb gedirlər. 
Faktiki olaraq bununla nə qiymətlərin səviyyəsini tənzimləmək mümkündür, nə də bu sahədə effektiv idarəetməni təşkil etmək. Düşünürəm ki, dövlətin bu formada məsələlərə müdaxiləsi doğru deyil”.

Sənan İsmayıl