Türkiyə lirəsi sürətlə ucuzlaşır!- “Türkiyə Çin modelinə keçir”

“Bu da Türk mallarının cazibədarlığını artıracaq”

“Əgər plan uğurlu olarsa, turizm və ixracatlar nəticəsində Türkiyə qazanclar əldə edəcək”

“Türkiyə bir müddətdən sonra istehsalçı ölkəyə çevrilə bilər”

Türkiyənin milli pul vahidi lirə ABŞ dolları qarşısında ucuzlaşmaqda davam edir. 17 dekabr tarixi üçün 1 ABŞ dolları 16 Türkiyə lirəsi həddinə çatıb. Hazırda ABŞ dolları qarşısında Türkiyənin milli pul vahidi üzrə məzənnə 1 ABŞ dolları - 16,0150 lirə nisbətindədir.

16 dekabr tarixi üçün isə 1 ABŞ dolları 15.2880 türk lirəsinə bərabər olub.
5 dekabrda Türkiyə valyutası 1faiz ucuzlaşıb və ABŞ dollarına nisbətdə 13,83 lirə səviyyəsində ticarət olunub.
Dekabr ayına olan statistikadan görünür ki, Türkiyə lirəsi sürətlə dəyər itirir. Artıq lirənin taleyini Türkiyə hökumətinin atacağı addımlar müəyyənləşdirə bilər.

Lirənin ABŞ dolları qarşısındakı ucuzlaşması ilə bağlı “Sherg.az”a danışan iqtisadçı - ekspert Natiq Cəfərli bildirib ki, Türkiyə valyutası bir müddət dəyər itirməyə davam edəcək:

“Türkiyə lirəsinin kəskin ucuzlaşması Türkiyənin daxilindəki problemlərdən qaynaqlanır. Dəyərin düşməsinə valyuta qazanclarının çox ciddi zərbə alması, valyuta daxilolmalarının kəskin azalması, faiz endirimləri səbəb oldu. Əlavə olaraq, keçən il Türkiyədə bir trilyon lirəyə yaxın əlavə vəsaitin bazara daxil olması nəticəsində pul dövriyyəsi artdı. Bu da lirənin ucuzlaşmasına daha çox təsir göstərdi. 

Lakin Ərdoğan ucuzlaşmanın qarşısını almaq üçün yeni konsepsiya səsləndirib. Türkiyə yeni Çin modelinə bənzər bir modelə keçməyi planlaşdırır. Bu da Türk mallarının cazibədarlığını artıracaq. Əgər plan uğurlu olarsa, turizm və ixracatlar nəticəsində Türkiyə qazanclar əldə edəcək. Türkiyə bir müddətdən sonra istehsalçı ölkəyə çevrilə bilər. Konsepsiyanın kifayət qədər problemli tərəfləri də var. Çinin indiki vəziyyətə gəlməyinə 25 il vaxt sərf edildi. Türkiyənin isə bu qədər zamanı yoxdur. 

Çünki bu ölkənin iqtisadiyyatı Çin iqtisadiyyatından fərqlidir. Türkiyə xammalı, detalların 70 faizini xaricdən alır. Bu da Çin modelinə keçmək üçün çox çətinliklər yaradacaq. Konsepsiyanın uğurlu olma şansı çox aşağıdır. Bəlkə,10 ilə müəyyən irəliləyiş əldə edilə bilər.

Türkiyə hökuməti bu məsələ ilə bağlı “lirə nə qədər dəyər itirə bilirsə, itirsin” yanaşmasını ortaya qoyur. XX əsrin 90-cı illərində Polşada da belə bir iqtisadi addım atıldı. İqtisadiyyatlar paketi qəbul edildi. Həmin dövrdə Polşa valyutası 80 dəfə dəyərdən düşdü. 

Sonradan denominasiya edib sıfırları sildilər. Polşa iqtisadiyyatında sabitlik yarandı. Türkiyə Mərkəzi Bankının da belə bir yol götürdüyünü düşünürəm. Çox riskli addımdır. İl yarımdan sonra Türkiyədə seçki olacağını nəzərə alsaq, bu vəziyyəti toparlamaq çox çətin olacaq.

Gələcəkdə ABŞ dollarının lirə qarşısında qazanacağı dəyərin nə qədər olacağını söyləmək çətindir. Türk lirəsi sərbəst uçuşla düşür. Mərkəzi Bank yenidən faiz endiriminə getməklə bağlı addım atmağı planlaşdırır. Bu da lirənin yenidən dəyər itirməyinə səbəb ola bilər”.

Xanlar ƏLİBƏY