Mərkəzi Bank uçot dərəcəsini artırdı


Azərbaycanda uçot dərəcəsi qaldırılıb.

Mərkəzi Bankdan "Sherg.az"a verilən məlumata əsasən, AMB-nin İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7 faizdən 7,25 faizə qədər artırılıb.

Faiz dəhlizinin aşağı həddi 6 faiz, yuxarı həddi isə 8,25 faiz səviyyəsində müəyyən edilib.

Bildirilib ki, inflyasiya təzyiqləri son vaxtlar qiymətlərin formalaşmasında həlledici rol oynayan xarici amillər hesabına artmaqdadır. Dünya bazarında birja məhsulları qiymətlərinin və ticarət tərəfdaşlarında inflyasiyanın yüksəlməsi, təchizat zəncirində qırılmalar və daşınma xərclərinin artımının təsirləri gözlənildiyindən daha əhəmiyyətli və davamlı xarakter alır. Daxili xərc amilləri, xüsusən dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılmasının inflyasiya proseslərinə təsiri davam etməkdədir. Qeyd olunan amillər qiymət gözləntilərini yüksəltməklə inflyasiyanın hədəf ətrafında lövbərləşməsini mürəkkəbləşdirir.

İnflyasiyanın dinamikasının formalaşmasında monetar amillərin rolu əhəmiyyətli aşağıdır. Valyuta bazarında tarazlıq qiymətlər sabitliyinin əsas lövbərini gücləndirir və xarici mənşəli inflyasiyanı əhəmiyyətli dərəcədə neytrallaşdırır.

Monetar şəraitin sərtləşdirilməsi ilə bağlı qərarlar monetar amillərin inflyasiya üzərində balanslaşdırıcı təsirlərini gücləndirir.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın risk balansında dəyişikliklər və iqtisadiyyatın ortamüddətli dövrdə perspektivləri nəzərə alınmaqla qəbul ediləcək.