Elmi dərəcəsi olan və işləməyən şəxslərin Prezident təqaüdü artırılıb


“Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1229 nömrəli Fərmanında dəyişiklik edilib. 
AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. 
Fərmana əsasən, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manatdan 300 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manatdan 200 manata qaldırılır.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.