AZAL-dan  şikayətlər azalmır! – Bilet baha, etiraz çox, nəticə yox...

“AZAL monoplist və inhisarçı qurumdur. İnhisarçılıq mövqeyini də əldən vermək istəmir. Digər rəqiblərin bazara daxil olmağının qarşısı alınır”

“Bu qurum hələ də ziyanla işləyir. Buna görə də dövlətdən dotasiya alır”

“2020-ci ildə pandemiya dövründə dövlət 80 milyon dotasiya verdi.  2018-ci ildə rəsmi rəqəmlərə görə 216 milyon manat ziyana uğrayıb”

Azərbaycan Hava Yolları QSC-dən (AZAL) narazılıqlar bitmək bilmir. Təyyarə biletlərinin qonşu ölkələrlə müqayisədə fantastik qiymətlərə bazarlanması  insanların haqlı gileyinə səbəb olur.

 Məsələn, “Çapar dərgisi”nin baş redaktoru Dilqəm Əhməd “Facebook” səhifəsində paylaşım edərək AZAL-ın qiymət siyasətinə narazılığını ifadə edib:

“Bakıdan Ankaraya normal təyyarə ilə uça bilmirik, Türk Birliyinə necə uçacağıq? Bu qədər baha təyyarə qiyməti olmaz”.

Millət vəkili Aqil Abbas da Milli Məclisin ötən həftə baş tutan iclasında "Turizm haqqında" qanuna münasibət bildirərkən biletin bahalı olmasından şikayətlənib:

“AZAL qiymətləri qaldıra-qaldıra gedir. Gözləyirəm Zəngəzur dəhlizi açılsın, ordan İrəvana gedəcəm və Türkiyəyə 80 manata bilet alacam”.
Günü-gündən AZAL-la bağlı şikayətlər artır. Biletlərin baha olması xaricə təyyarə ilə getmək istəyən insanların arzusunu ürəyində qoyur”. 

Bu barədə “Sherg.az”a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, biletlərin baha olmasının təqsirkarı AZAL-dır:

“AZAL monoplist və inhisarçı qurumdur. İnhisarçılıq mövqeyini də əldən vermək istəmir. Digər rəqiblərin bazara daxil olmağının qarşısı alınır. Xarici şirkətlərin Azərbaycandan uzaq salınmasına çalışırlar. Azərbaycana gəlirlər, sonra da qaçıb gedirlər. Səbəb isə hava limanının xidmətlərindən istifadə edərkən çox böyük vəsait ödəmək məcburiyyəti yaranır. Yerüstü xidmətlər çox bahadır.  Qiymətlərin yuxarı olması AZAL-a sərf edir.

Əlavə olaraq, təkbaşına bazarda olmasına baxmayaraq, rəsmi rəqəmlərə görə AZAL hələ də ziyanla işləyir. Buna görə də dövlətdən dotasiya alır. 2020-ci ildə pandemiya dövründə dövlət 80 milyon dotasiya verdi.  2018-ci ildə rəsmi rəqəmlərə görə 216 milyon manat ziyana uğrayıb.

Bu qədər tənqidin qarşısında bu qurumla bağlı heç bir ciddi qərar verilmir. Dövlət başçısı da AZAL-ı tənqid edib. İnhisarçılığa son qoymaq üçün yerüstü xidmətlər AZAL-dan tamamilə ayrılmalı, idarəetmə strukturlarında dəyişiklik edilməli, nəzarət mexanizmi gücləndirilməli, bazarda oyunçularının sayı artırılmalıdır”.

Xanlar ƏLİBƏY