Maaşlar, təqaüdlər artır! – “Əhalinin sosial müdafiəsi güclənir”


Azərbaycanda insanların sosial müdafiəsinin gücləndirilməsi hər zaman prioritet məsələdir. Prezident İlham Əliyevin bu günlərdə imzaladığı yeni Fərman və Sərəncamlar fikirlərimizin əyani sübutu kimi dəyərləndirilə bilər. Belə ki, ölkə başçısının yeni imzaladığı sənədlərə əsasən bir sıra müavinət və təqaüdlər artırılıb.
Prezident İlham Əliyevin 2021-ci il dekabrın 20-də imzaladığı yeni Sərəncam və Fərmanlarla müavinət və təqaüdlərin artırılması isə 732 min şəxsi, o cümlədən 132 min doktorant və tələbənin  əhatə edərək onların müavinət və təqaüdlərinin 2022-ci ilin əvvəlindən artırılmasını təmin edir. Bu müavinət və təqaüd artımları üçün illik əlavə 200 milyon manat ayrılıb.
Bundan başqa  yeni Fərman və Sərəncamlarla müavinət və təqaüd artımı aşağıdakı kateqoriyalara aid şəxsləri əhatə edir:  
Əlilliyi olan şəxslər və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər, sağlamlıq imkanları məhdud uşaqlar və onlara qulluq edənlər, yaşa görə müavinət alanlar, ailə başçısını itirməyə görə müavinət alanlar, müddətli hərbi xidmətdə olanların uşaqları, uşaqların qəyyumları, beşdən çox uşağı olan qadınlar, bir yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələr, övladlığa uşaq götürənlər, işləməyən pensiyaçı elmlər və fəlsəfə doktorları, “Xalq” və “Əməkdar” fəxri adı olanlar, doktorant və tələbələr. Həmçinin uşağın doğulmasına görə verilən və dəfn üçün olan birdəfəlik müavinətlər də çoxaldılıb.

Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqlar üçün Yeni Fərmanlarla əsasən müavinətlər 2022-ci ilin əvvəlindən I dərəcə  üzrə — 150 manatdan 220 manata, II dərəcə  üzrə  — 130 manatdan 180 manata, III dərəcə  üzrə  — 110 manatdan 120 manata  çatdırılacaq.

Beləliklə, son üç ildə aparılan islahatlar nəticəsində əlilliyə görə müavinətlər I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artırılıb. Bu müavinətlərdən əlavə, ümumi səbəbdən I dərəcə əlilliyi olanlar Prezidentin aylıq təqaüdü olaraq 130 manat ödənişlə də təmin olunur.
Müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlara isə Prezidentin aylıq təqaüdü olaraq I dərəcə üçün 400 manat, II dərəcə üçün 350 manat, III dərəcə üçün 300 manat ödənilir. Bu təqaüdlər cari ilin əvvəlində növbəti dəfə olmaqla orta hesabla 50% artırılıb.   

Birinci dərəcə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü də 60% artırılaraq gələn ilin əvvəlindən 80 manata çatdırılır.

Beləliklə, müharibə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlar pensiya almadıqda müavinət və təqaüd formasında ayda I dərəcə üzrə 700 manat, II dərəcə üzrə 530, III dərəcə üzrə 420 manat alacaqlar. Bu da 2019-cu illə müqayisədə dərəcələr üzrə müvafiq olaraq 2,5 dəfə, 2,2 dəfə və 2,2 dəfə çoxdur. Həmin kateqoriyalara aid əlilliyi olan şəxslər əmək pensiyası aldıqda orta hesabla aylıq I dərəcə üzrə 915 manat, II dərəcə üzrə 845 manat, III dərəcə üzrə 610 manat alacaqlar. Bu məbləğlər isə 2019-cu illə müqayisədə dərəcələr üzrə müvafiq olaraq 72 faiz, 81 faiz  və 97 faiz  çoxdur.

Ümumi səbəbdən əlilliyi olan şəxslər üzrə sosial ödənişlərdə isə son 3 ildə bu artımlar dərəcələr üzrə müvafiq olaraq  50 faiz , 59 faiz  və 112 faiz  təşkil edir. 

Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət də 150 manatdan 200 manata çatdırılıb.Onlara qulluğa görə 2019-cu ildə Prezidentin aylıq təqaüdü də təsis olunub ki, yeni Fərmanla həmin təqaüd də 60% artımla 50 manatdan 80 manata çatdırılıb.

Beləliklə, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial ödəniş 2019-cu ilin əvvəlində cəmi 82 manat idisə, gələn ilin əvvəlindən həmin məbləğdən 3,4 dəfə çox olmaqla onlar üçün müavinət (200 manat) və təqaüd (80 manat) formasında aylıq 280 manat sosial ödəniş ediləcəkdir.

Digər müavinətlərdə də yüksəlmə müşahidə olunur. Prezident İlham Əliyevin 2021-ci il dekabrın 20-də  imzaladığı yeni Fərmanlarla əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlarla yanaşı, aşağıda qeyd edilən digər bir sıra kateqoriyalara yönələn müavinətlər də əhəmiyyətli şəkildə artırılıb.
Belə ki, 2022-ci ilin 1 yanvarından yaşa görə müavinət 130 manatdan 180 manata çatdırılır. 2019-cu ilin əvvəlində bu müavinət 73 manat idi, ümumilikdə 2,5 dəfə artırılmaqla gələn ilin əvvəlindən 180 manat təşkil edəcək. Bununla da 2022-ci ildə pensiyaçılar üçün nəzərdə tutulan yaşayış minimumunu (176 manat) üstələyəcək.

Ailə başçısını itirməyə görə müavinət (hər ailə üzvü üçün) 80 manatdan 100 manata çatdırılır. Bununla da üç il əvvələ (68 manat) nisbətən həmin müavinət 47 faiz  artırılıb.

Müddətli hərbi xidmətdə olan hərbçilərin uşaqlarına müavinətüç il əvvəl 68 manat, 2019-cu ilin aprelindən 100 manata çatdırılıb. Yeni Fərmanla isə 2022-ci ilin əvvəlindən 120 manat təşkil edəcək. Son üç ildə bu müavinət 76,5 faiz  artırılıb.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 100 manatdan 120 manata çatdırılır. Bununla da həmin şəxslər üçün müavinətdə  üç il əvvələ (61 manat) nisbətən təqribən 2 dəfə artım baş verir.

Beşdən çox uşağı olan qadınlara (hər uşağa görə) aylıq müavinət isə 55 manatdan 70 manata çatdırılır. Ümumilikdə son üç ildə bu müavinət 2,1 dəfə artırılaraq 33 manatdan 70 manata çatdırılıb. 
Bir yaşınadək uşağı olan aztəminatlı (ünvanlı dövlət sosial yardımı təyin edilmiş) ailələrə hər uşağa görə müavinət isə yeni Fərmanla 55 manatdan 70 manata çatdırılıb. Bununla da həmin uşaqlar üçün müavinətdə  üç il əvvələ (45 manat) nisbətən 55,6 faiz yüksəlmə baş verir.

Övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud uşağa görə müavinət 2021-ci ilin əvvəlindən təsis olunub və yeni Fərmanla bu müavinət də 25% artırılaraq hər uşağa görə 160 manatdan 200 manata, sağlamlıq imkanları məhdud hər uşağa görə isə 480 manatdan 600 manata çatdırılıb.
Uşağın anadan olmasına görə birdəfəlik müavinət 200 manatdan 300 manata çatdırılıb. Bu müavinət üç il əvvəlki məbləğlə (109 manat) müqayisədə 2,8 dəfə artırılıb.

Dəfn üçün müavinətin məbləği isə 300 manatdan 350 manata çatdırılıb. Üç il əvvələ (146 manat) nisbətən bu müavinətdə 2,4 dəfə artım baş verib.

Yeni Fərman və Sərancamlara əsasən, təqaüdlərdə də artım olunacaq. Artımlar 2022-ci ilin əvvəlindən tətbiq olunacaq.

Azı 25 il pedaqoji staja malik, işləməyən pensiyaçı olan elmlər doktorları və fəlsəfə doktorlarına2021-ci il yanvarın 1-dən Prezidentin aylıq təqaüdü təsis olunub. Yeni Fərmanla bu təqaüd elmlər doktorları üçün 50 faiz artırılaraq 200 manatdan 300 manata, fəlsəfə doktorları üçün 67 faiz artırılaraq 120 manatdan 200 manata çatdırılır.

Yeni Sərəncamla fəxri adlara görə aylıq təqaüdlər də “Xalq” fəxri adına görə 33,3 faiz  artımla 150 manatdan 180 manata, “Əməkdar” fəxri adına görə isə 20 faiz artımla 100 manatdan 120 manataçatdırılıb.
Dövlət başçısının digər yeni Sərəncamı doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdlərinin 20 faiz artırılmasını nəzərdə tutur. 

Sərəncamla gələn ilin əvvəlindən həmin təqaüdlərin məbləği elmlər doktoru hazırlığı üzrə doktorantlar üçün 360 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün 216 manat, ali təhsil müəssisələrində və AMEA-da adlı təqaüd alan tələbələr üçün 204 manat, magistr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 174 manat, 71-100 bal olan tələbələr üçün 144 manat, 51-100 bal olan tələbələr üçün 96 manat, bakalavr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 156 manat, 71-100 bal olan tələbələr üçün 132 manat, 51-100 bal olan tələbələr üçün 90 manat təşkil edəcək.  

Orta ixtisas təhsili müəssisələrində təqaüdün məbləği akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün  90 manata, 71-100 bal olan tələbələr üçün 72 manata, 51-100 bal olan tələbələr üçün 60 manata, peşə təhsili müəssisələrində akademik göstəriciləri “5” olan tələbələr üçün 90 manata,  “4” və “5” olan tələbələr üçün 72 manata,  “3”-“5” olan tələbələr üçün 60 manata çatdırılacaq.

Müavinət və təqaüdlərin artırılması ilə bağlı “Sherg.az”a danışan AzFinance İnvestisiya Şirkətinin Direktoru, iqtisadçı İntiqam Səfərəliyev bildirib ki, artımlar qeyd olunan kateqoriyaların sosial rifahını gücləndirmək məqsədilə atılmış addımlardır:

“Ümumimiyyətlə, post-pandemiya dövründə həmin kateqoriyaya aid olan insanların sosial rifahı yüksələcək. Onların vəziyyəti daha da yaxşılaşacaq”. 

İqtisadçı vurğulayıb ki, digər sahələrdə də, məsələn, müəllimlərin maaşlarında, tələbə təqaüdlərində və pensiyalarda olan artım da təqdirəlayiqdir. O düşünür ki, bu həm də müəllimlərin peşə fəaliyyətini yüksəldəcək. 

İqtisadçı hesab edir ki, özəl sektor da inflyasiyaya görə əməkhaqqıları 10 faiz ətrafında artırmalı olacaq:

“Bu artımlar ölkə iqtisadiyyatına da müsbət  təsir göstərəcək. Əhalinin alıcılıq qabiliyyətini yüksəldəcək. Azərbaycanın iqtisadiyyatına pozitiv təsir göstərəcək”.

Çimnaz ŞAHLAR