"Qiymət artımına qarışmağın əleyhinəyəm"

Professor millət vəkili deyəsən, xalqın güzəranından xəbərsizdir

Parlamentdə “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı maraqlı təkliflər və iradlar səsləndirilib. Bir çox deputat daxili turizmdəki problemlərdən, maneələrdən və baha qiymətlərdən danışıblar. 
“Azərbaycanda kazinoların açılmasına icazə verilsin”
Millət vəkili Qüdrət Həsənquliyev Qarabağda, Zəngəzurda kazinoların açılmasını təklif edib: “Azərbaycanın coğrafi mövqeyi imkan verir ki, əyləncə turizmi anlayışı da bu qanun layihəsinə daxil edilsin. Kazinoların Azərbaycanda açılmasına icazə verilsin. Rusiyada bu, müəyyən əraziləri əhatə edir. Azərbaycanda da belə edə bilərik. Məsələn, Qarabağda, Zəngəzurda kazinoların açılmasına icazə verə, bununla da turist cəlb edə bilərik. Digər tərəfdən, Nargin adasında buna icazə verə bilərik. Turist axınını cəlb etmək üçün xidmət sahəsində fəaliyyətlər təkmilləşdirilməlidir”. Deputat bildirib ki, bu qiymətlərlə nə xaricilər Azərbaycana gələcək, nə də daxili turizm inkişaf edəcək: “İnsanlar evində oturub bozbaş yeməyə üstünlük verəcək. Burada əsas məsələ qiymətlərin aşağı salınması ilə bağlı olmalıdır”. 

“Kimsə hansısa piri müqəddəs hesab edirsə, bu o demək deyil ki, ora müqəddəs yerdir”

Millət vəkili Fazil Mustafa vurğulayıb ki, bir sıra məsələyə peşəkar yanaşmanın daha ciddi şəkildə tətbiq edilməsi vacibdir: “Hansısa dövlət qurumdan gələn qanun layihələrində maraqlar toqquşur. Bizim tərəfimizdən bu qanun layihəsi qəbul edildikdən sonra vətəndaşların ziyanına olan və hansısa qurumun marağı üstün tutulan bir qanun ortaya çıxır”. Deputat qanun layihəsində turistlərin hüquq və vəzifələrinə də toxunub: “Bu maddələri biz heç Azərbaycan vətəndaşı üçün təmin edə bilmirik. İkincisi, müqəddəs yerlərlə bağlı məsələdir. Azərbaycanda hansı müqəddəs yer var? Burada tarixi, dini yerlər yazılsa, daha yaxşı olar. Kimsə hansısa piri müqəddəs hesab edirsə, bu o demək deyil ki, ora müqəddəs yerdir. İslam dünyasında “müqəddəs”, “halal” sözlərini spekulyasiya edirlər”.

“Bazar iqtisadiyyatı özü qiymətləri tənzimləyəcək”

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib ki, kafe və restoranlarda qiymət artımına qarşı çıxmaq düzgün deyil. Onun sözlərinə görə, bütün restoranların, çayxanaların menyularında qiymətlər yazılmalıdır. Eyni zamanda onların qiymətinə onlayn da baxmaq mümkün olmalıdır: “Bazar iqtisadiyyatı özü qiymətləri tənzimləyəcək. Yaşayış minimumuna aid olan qiymətlərə isə dövlət özü nəzarət etməlidir. Biz uzun illərdir, bazar iqtisadiyyatına keçmişik. Kafe, restoranlar qiymət artımını kənd təsərrüfatı məhsullarının qiymətinin artması ilə əlaqələndirir. Ona görə qiymət artımına qarışmağın əleyhinəyəm. Otellərin qiymətləri isə bütün dünyada belədir. Seçimlər var və insanlar hansı otel büdcəsinə uyğundursa, orada dincələ bilər. Biz bütün obyektləri, otelləri məcbur etməliyik ki, hamısının rəsmi formada qiymətləri və bu qiymətlərə onlayn baxmaq mümkün olsun. Bu da insanların seçimini formalaşdıracaq”.

“Resurslarımızı gələn turistlərin ehtiraslarına qurban verə bilmərik”

Millət vəkili Sabir Rüstəmxanlı İrandan turist axınının azalmasının səbəblərindən danışıb: “Bir neçə il öncə Güney Azərbaycandan turistlər Azərbaycana axın edirdilər, Novruz bayramını da burada keçirirdilər. Onlar yalnız 1 il gəldilər. Gəlib gördülər burda bahalıqdır, həm də sərhədi keçəndə onları incidirdilər. Daha sonra onların üzü İrəvana çevrildi, çünki gedənlərə xüsusi şərait yaradırdılar”. S.Rüstəmxanlı ovçuluq turizmi ifadəsinin layihəyə salınmamasını dəstəkləyib: “Biz resurslarımızı gələn turistlərin ehtiraslarına qurban verə bilmərik”.

Onlayn xəritələr Azərbaycanda yer adlarını bəzən səhv göstərir”

Deputat Erkin Qədirli isə deyib ki, onlayn xəritələr Azərbaycanda yer adlarını bəzən səhv göstərir. O qeyd edib ki, Azərbaycana gələn turistlər əsasən onlayn xəritələrdən istifadə edirlər, xüsusilə “google map”dən: “Ancaq həmin xəritələr yer adlarını yanlış göstərir. Biz özümüz də bəzən bu xəritələrdən istifadə edirik. Bu işlə məşğul olan qurumlar bu məsələləri nəzərə almalıdır”. 

“Qanunla bağlı dinləmələr keçirilsin...”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə “Turizm haqqında” qanun layihəsi ilə bağlı müzakirələrin təşkil olunacağını deyib. Bildirib ki, qanun layihəsi ilə bağlı işçi qaydada müzakirələr keçiriləcək və səsləndirilən təkliflərə baxılacaq: “Aidiyyəti qurumları da bura dəvət edək və deputatların təkliflərini dinləyək”. Sədr Sahibə Qafarova da qeyd edib ki, hər kəs həmin müzakirələrə dəvət edilsin və deputatların təkliflərinə çox ciddi yanaşılsın.