İranlı turistlər qeybə çəkilib

Azərbaycan qonşu ölkələrlə rəqabətdə uduzur

Bilet, otel qiymətləri baha, quru yolunun bağlı olması turist sayının azalmasına səbəb olub

“Bir neçə il öncə Güney Azərbaycandan turistlər Azərbaycana axın edirdilər, Novruz bayramını da burada keçirirdilər”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Turizm haqqında” yeni hazırlanan qanun layihəsinin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, onlar yalnız 1 il gəldilər: “Gəlib gördülər burda bahalıqdır, həm də sərhədi keçəndə onları incidirdilər. Daha sonra onların üzü İrəvana çevrildi, çünki gedənlərə xüsusi şərait yaradırdılar”.

Millət vəkilinin fikirlərini “Şərq”ə şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycan qonşu ölkələrlə rəqabətdə uduzur:

“Dünyada pandemiyayla əlaqədar turizm sektoru həddən artıq zəifləyib. Bizim yerüstü keçid məntəqələrinin hələ də bağlı olması başqa qonşu ölkələrə nisbətən bir az geridə qalmağımıza səbəb olur. Məsələn, Gürcüstan həm Ermənistanla, həm Türkiyə ilə yerüstü sərhədlərini açıb. Hətta İran vətəndaşları Ermənistan üzərindən avtomobillə, avtobuslarla artıq Türkiyəyə keçirlər. Bizim sərhədlərimizin bağlı olması onsuz da problem yaradır. Cənubi Azərbaycanda, İranda yaşayan soydaşlarımızın Azərbaycana marağını nəzərə alsaq, təbii ki, Azərbaycana daha çox gəlməyə üstünlük verməlidirlər. Çünki əvvəllər olurdu, Novruz bayramlarında çoxlu sayda İrandan turistlər də gəlirdi. Bizdə qiymətlərin baha olması, qonşu ölkələrlə, əsasən də, Gürcüstanla qiymətdə rəqabətə davam gətirməməyimiz, hava uçuşlarının baha olması, bütün bunlar turizmdə qarşıya qoyulan hədəflərə çatmaqda ciddi maneçilik yaradan amillərə çevrilir. Faktiki olaraq qonşu ölkələrlə biz rəqabətdə uduzuruq. 

Bizim Gürcüstanla rəqabət aparmağımız lazım idi, bir də qiymətlərdə və yerüstü keçidlərin çətinliyi nöqteyi-nəzərindən uduzuruq və faktiki olaraq öz turizm payımızı ala bilmirik. Nəticə etibarilə də uduzan Azərbaycan iqtisadiyyatı olur. Çünki İran əhalisinin sayına görə və Azərbaycana mədəni yaxınlığı olan soydaşlarımızın, dil yaxınlığı olan soydaşlarımızın çoxluğuna görə çox mühüm bir bazardır. Amma təəssüf ki, bu bazardan yetərincə istifadə edə bilmirik. 

Natiq Cəfərli həmçinin onu da vurğulayıb ki, Türkiyə və Gürcüstanla müqayisədə həm otel qiymətlərində, həm restoran qiymətlərində kifayət qədər ciddi fərq var.

“Bəzi hallarda bir neçə dəfə fərq olur. Məsələn, 5 ulduzlu otelləri müqayisə etsək, Türkiyəylə, Gürcüstanla Azərbaycan arasında bəzi hallarda 2-3 dəfə fərq olur”. 

Məsələnin həll yolları haqqında danışan iqtisadçı bir sıra problemlərin aradan qaldırılmalı olduğunu vurğulayıb: “Söhbət İrandan gələn turistlərdən gedirsə, sərhəd-keçid məntəqələrinin sayı artırılmalıdır. İşğaldan azad olunmuş torpaqlarımızda da yeni sərhəd-keçid məntəqələrinin yaradılması nəzərdə tutulur. Yəni sərhəd-keçid məntəqələrinin sayı kifayət qədər çox olsa, gediş-gəlişə müsbət təsir göstərər, növbələr yaranmaz, insanlar, əsasən də avtomobillə keçənlər saatlarla vaxt itirməzlər. Həm də keçid qaydalarında bir şəffaflığa ehtiyac var”. 

Sənan İsmayıl