İnflyasiyanın təsirləri...! –“Əhalinin xərcləri gəlirlərindən çox olacaq”

Anti-inflyasiya tədbirlərinin həyata keçirilməyi önəmlidir

Dünya İqtisadi Forumu ərzaq məhsullarına gəlirindən daha çox pul xərcləyən ölkələrin statistikasını paylaşıb. Statistik göstəricilər 2015-ci ilə aiddir. Statistikaya görə, Azərbaycan əhalisi 2015-ci ildə qazancının 40,1 faizini ərzağa xərcləyib. Hazırda isə əhali gəlirinin 80.2 faizini ərzağa xərcləyir.

Ərzaq məhsullarının bahalaşması ilə bağlı "Sherg.az"a danışan iqtisadçı Fuad İbrahimov vurğulayıb ki, əhalinin xərcləri gəlirlərindən daha çox olacaq: 

“Məsələyə ümumi baxsaq, dünyada qlobal bahalaşma var.  Dünyadakı vəziyyət Azərbaycan bazarına da təsirsiz ötüşmür. Eyni zamanda daxili amillər nəticəsində də bahalaşma baş verir. Qeyd edim ki, artımlar bütün əhaliyə şamil olunmayacaq. 

Artımlar büdcə təşkilatlarından maaş alan və minimum əməkhaqqı alan şəxslərə aid ediləcək. Araşdırmalar göstərdi ki, bahalaşmanın təsiri ilə vətəndaşların xərcləri gəlirlərindən daha çox olacaq. Əhalinin gəlirləri eyni səviyyədə qalacaq, lakin xərcləri artacaq.

Anti-inflyasiya tədbirlərinin həyata keçirilməyi önəmlidir. Həmçinin İnhisarçılıq hallarının qarşısı alınarsa, əhalinin sosial vəziyyəti ilə bağlı dəyişiklik ola bilər. İnhisarçılar birinci dərəcəli qiymət diskriminasiyası tətbiq edir.

 Nəticədə əhalinin güzəranına ən böyük zərbə endirilir. Tədbirlər çərçivəsində məhsulların rahat yolla piştaxtalara çatdırılması böyük önəm kəsb edir. Əlavə olaraq, sağlam rəqabət mühiti yaradılmalı, əsas ərzaq məhsullarında çərçivə saxlanılmalı, dövlət nəzarəti mütləq olmalıdır”.
 
Xanlar ƏLİBƏY