“Lirənin dəyər qazanması uğrunda mübarizə çətin olacaq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib. Çıxışında iqtisadiyyatdakı son proseslər ilə bağlı açıqlamalar verərək əmanətlər üzrə, məzənnə artımı ilə bağlı narahatlıqlarını aradan qaldırmaq istəyən vətəndaşlara yeni maliyyə alternativi təqdim edəcəklərini qeyd edib. Ərdoğanın xalqa müraciətindən sonra Türkiyə lirəsi ABŞ dolları qarşısında dəyər qazanıb. Prezidentin açıqlamasından əvvəl 9,2 faiz artımla 18 lirəyə yaxınlaşmış Dollar/TL məzənnəsi, R.T.Ərdoğanın çıxışından sonra 26 faiz düşərək 13,1932 lirəyədək ucuzlaşıb.

Mövcud durumu “Sherg.az”a şərh edən millət vəkili Vahid Əhmədov bildirib ki, lirənin dəyərinin stabilləşməsi üçün mühüm addımlar atılır:

“Türkiyə Prezidenti Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib. Prezident Türkiyə lirəsinin ABŞ dolları qarşısında dəyər qazanması üçün mühüm addımlar atır. Ərdoğan çıxışında əhaliyə müraciət edərək narahatlığa səbəbin olmadığını bildirib. Ərdoğan ziyana gedən vətəndaşlara kompensasiya ödəməyi öz üzərinə götürüb. Ərdoğanın çıxışdan öncəki atdığı müəyyən addımlar nəticəsində lirə dəyər qazandı. Zənnimcə, lirə dəyərini yüksəltməyə davam edəcək. Nəzərə alsaq ki, Türkiyəyə müəyyən təzyiqlər var, lirənin dəyərinin yüksəldilməsi uğrunda aparılan mübarizə yolu çətin olacaq. Türkiyə güclü dövlətdir, Ərdoğan da güclü liderdir. Ərdoğan bunun öhdəsindən gələcək”.

Xanlar ƏLİBƏY