Komitə sədri: "Ailəni qorumaq üçün sosial müavinətlər kəskin şəkildə artırılmalıdır"

"Azərbaycan ailəsində maddi problemlər birinci yerdə durur və bunun həlli üçün sosial müavinətlər kəskin şəkildə artırılmalıdır".
"Report"un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Azərbaycanda mövcud ailə münasibətləri" adlı tədbirdə deyib.
Komitə sədri söyləyib ki, əgər ailənin problemi yoxdursa, bu, cəmiyyətin də problemlərinin olmaması deməkdir: "Ailənin problemi varsa, bu, cəmiyyətin və hökumətin problemi sayılmalıdır".

O bildirib ki, ailə münasibətləri ilə bağlı bir çox suallar meydana gəlir: "Biz klassik ailə modelini qorumaq üçün dəridən qabıqdan çıxmalıyıqmı yoxsa bunu zamanın axarına buraxmalıyıqmı? Bugünkü ailə 10 il əvvəlin ailəsi deyil. İndi ailədə nəinki baba nənə, hətta ata-ana da yoxdur. İndi özünün evi varmı sualından sonra sual verirlər ki, ata-anasından uzaqdamı qalır?".