Gələn il bankların kapital bazarında birbaşa iştirakı mümkün olacaq

Kapital bazarında maliyyə vasitəçiliyinin təkmilləşdirilməsi üzrə investisiya fondlarının fəaliyyətinin təşviq edilməsi və bankların kapital bazarında birbaşa iştirak imkanlarının yaradılması üzrə işlər davam etdiriləcəkdir.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətini əsas istiqamətləri barədə” bəyanatında qeyd olunur.

Bildirilir ki, investisiya şirkətlərində nəzarət çərçivəsinin və korporativ idarəetmənin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində tədbirlərin icrası nəzərdə tutulur. Kapital bazarı infrastrukturunun inkişaf etdirilməsi istiqamətində mərkəzləşdirilmiş ticarət və depozitar sisteminin qurulması və qiymətli kağızların emissiyası prosesinin elektronlaşdırılması nəzərdə tutulur.

"Kiçik və Orta Biznes (KOB) subyektlərinin kapital bazarından maliyyələşməsinin təşviqi məqsədilə onlar tərəfindən emissiya edilən korporativ istiqrazlara zəmanət və subsidiyanın verilməsi mexanizminin yaradılması üzrə tədbirlər görüləcəkdir. Mərkəzi Bankın IOSCO (Qiymətli Kağızlar üzrə Komissiyaların Beynəlxalq Təşkilatı) təşkilatına imtiyazlı üzvlüyünün təmin edilməsi, xarici investorların kapital bazarına çıxış imkanlarının artırılması məqsədilə qlobal kastodianlarla əlaqələrin qurulması, törəmə maliyyə alətləri üzrə tənzimləyici çərçivənin beynəlxalq standartlara uyğunlaşdırılması, habelə şirkətlərlə və əhali ilə maarifləndirici tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur", - bəyanatda deyilir.