İctimai nəqliyyatda gediş haqqı artırılır? – RƏSMİ AÇIQLAMA

Azərbaycanda un və çörəyin qiymətindəki bahalaşmadan sonra ictimai nəqliyyatda da gediş haqlarının artacağı ehtimalı irəli sürülüb. Bu barədə Feysbukda müəyyən iddia və ehtimallar irəli sürülür. 

Məsələyə aydınlıq gətirən Bakı Metropoliteni QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Sherg.az”a bildirib ki, Bakı Metropoliteni sosial yönümlü nəqliyyat infrastrukturu olduğundan daim dövlətin dəstək və qayğısı ilə əhatə olunur:

“Hətta pandemiya şəraitində respublika üzrə elan edilmiş xüsusi karantin rejiminin davam etdiyi uzun müddət ərzində də Bakı metropoliteninin işlək vəziyyətdə saxlanılması ilə bağlı zəruri xərclər qarşılanıb. Bunun üçün dövlət hər zaman “Bakı Metropoliteni” QSC-yə maliyyə dəstəyi göstərir. Metropolitendə sərnişindaşıma xidmətinin göstərilməsi Nazirlər Kabinetinin 28.09.2005-ci il tarixli 178 №-li Qərarı ilə qiymətləri (tarifləri)  dövlət tərəfindən tənzimlənən xidmətlərin siyahısına daxil olduğundan bu ictimai nəqliyyatda  gediş haqqı tarifi üzrə tənzimlənmə “Bakı Metropoliteni” QSC tərəfindən aparılmır. Bununla bağlı hələlik aidiyyəti üzrə hər hansı bir müraciət ünvanlanmayıb”.
 
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev isə qeyd edib ki, hazırda Bakı şəhərində müntəzəm sərnişindaşımalarda gediş haqqının dəyişməsi, tənzimlənməsi ilə bağlı bütün məsələləri Tarif Şurası həyata keçirir: 

“BNA tərəfindən indiki məqamda belə bir mövzu müzakirə olunmur. BNA qiymət tənzimləməsi barədə Tarif Şurasına hər hansı müraciət etməyib”.